Tovuz rayonunda həllini gözləyən problemlərlə bağlı hökumətə ÇAĞIRIŞ OLUNDU
    • 31-05-2019, 18:28
    • 1 412

Tovuz rayonunda həllini gözləyən problemlərlə bağlı hökumətə ÇAĞIRIŞ OLUNDU

Millət vəkili Qənirə Paşayeva MM-də "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi birinci oxunuşunun müzakirələrində çıxışında layihəni dəstəklədiyini deyib və cənab Prezidentin rəhbərliyi altında ölkəmizin bütün bölgələrində həyata keçirilən sosial-iqtisadi, sosial layihə və islahatları insanlarımızın dəstəklədiyini xüsusi vurğulayıb və özəlliklə cənab Prezidentin əhalinin sosial-iqtisadi imkanları zəif təbəqəsinə xüsusi diqqətini və bu istiqamətdə görülən işlərin önəmini qeyd edib.

News24.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Tovuzda görülən işlər və həllini gözləyən problemlərdən də danışıb, təmsil etdiyi Tovuz rayonunun kəndlərində qazla təminat məsələsinə toxunub və Tovuz rayonunda 1162 abonentin qazla təmin olunmadığını deyib: “Cənab Prezident son müşavirəsində Azəriqaz İB-yə əhalinin qazla təminatının yaxşılaşdırılması, verilən təbii qazın keyfiyyətinin, təzyiqin yaxşılaşdırılması və s. ilə bağlı tapşırıqlar verib. Təmsil etdiyim Tovuz rayonunda Sovet dövründə evlərə qaz borusu çəkilib və əhali verilən təbii qaza uyğun ödəməni həyata keçirir. Kəndlərdə müstəqillik dövründə yeni evlər tikilib, yeni məhlələr yaranıb, amma onlara qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir və əhalidən bu boruların öz vəsaitləri hesabına çəkilməsi tələb olunur. Bəzi kəndlərimizdə evlərin 70%-80% təbii qazla təmin olunub, 20-30% yeni evlərə isə qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir. Yeni evlərdə yaşayan insanlarımız veriləcək təbii qaza görə ödəməni həyata keçirməyə hazırdır, lakin onların məhlələrinə, küçələrinə qaz borusunun çəkilməsini həyata keçirə bilmirlər, buna çox insanın kəndlərdə maddi gücü çatmır. Üstəlik prosedurlar özü də asan deyil, çətindir. Ona görə də boru xətlərinin dövlət tərəfindən dövlət vəsaiti hesabına çəkilməsini xahiş edirlər. Eyni kənddə əhalinin bir hissəsinin təbii qazdan istifadə edib, bir hissəsinin edə bilməməsi kəndlərimizdə xeyli sayda insanlarımızın problemidir və onlar bu vəziyyətdən narazılıq edir və xahiş edirlər ki, bu məsələyə qısa zamanda baxılsın və onlara dəstək olunsun. Cənab Prezidentin insanlarımızın sosial rifah halının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğını nəzərə alaraq, insanlarımız inanır ki, bu məsələ cənab Prezidentə çatdırılarsa, dövlət başçımız insanlarımızın bu istiqamətdə üzləşdiyi problemin həlli istiqamətində də addımların atılması üçün tapşırıqlar verəcək və məsələ qısa zamanda həll olunar. hökumətimizi Müvafiq qurumlarımızı minlərlə insanın problemi olan bu məsələyə xüsusi diqqət ayırmağa çağırırıq və ümid edirik ki, insanlarımızın adından səsləndirdiyim bu məsələ yaxın zamanlarda öz müsbət həllini tapa biləcək”. 

Millət vəkili Q.Paşayeva MM-də həmçinin 2014-cü ildən tikintisi başlayan, amma bu günə qədər tikintisi başa çatmayan Nizami adına Mədəniyyət Evi ilə bağlı da danışıb və hökuməti bu mədəniyyət ocağının tikintisinin başa çatması üçün qısa zamanda vəsait ayırıb işlərin görülməsinə çağırıb. Millət vəkili Q.Paşayeva deyib ki, artıq 2 ildən çoxdur ki, Nizami adına Mədəniyyət Evinin tikintisi yarımçıq dayandırılıb və əgər qısa zamanda mədəniyyət ocağının tikintisi başa çatmazsa, bu günə qədər həyata keçirilən və yarımçıq qalan tikilinin vəziyyəti daha da pisləşəcək: "Bu günə qədər tikilinin tikintisinin həyata keçməsinə vəsait xərclənib, amma yarımçıq qalma səbəbindən əgər belə davam edərsə, yarımçıq tikili də yararsız hala düşə bilər, bu da nə qədər dövlət vəsaiti itkisi deməkdir. Eyni zamanda rayonun bu mədəniyyət evinə ciddi ehtiyacı var. Ona görə də hökuməti bu mədəniyyət evinin tikinti işlərinin başa çatması üçün vəsait ayırmağa və işlərin sürətlə başa çatdırılması üçün Tovuz sakinləri adından müvafiq qurumlara çağırış edirəm və ümid edirəm ki, bu məsələ qısa zamanda baxılaraq həllinə dəstək göstəriləcək". 

Millət vəkili Q.Paşayeva Tovuzdan yenicə qayıtdığını və orada istixanalarda yetişdirilən kənd təsərrüfatı məhsullarının qiymətləri ilə Bakıda bazar və marketlərdə satılan həmin məhsulların qiymətləri arasında böyük fərqdən də danışıb və müvafiq qurumları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıb: "Kənddə insanlar bütün günü çalışaraq min bir çətinliklə bu məhsulları yetişdirirlər. Amma onlar həmin yetişdirdikləri məhsulları bizim bazarlarda aldığımız qiymətlər ilə müqayisədə həddindən artıq ucuz qiymətə satırlar. Bakıda vətəndaşlarımız isə həmin məhsulları kəndlərdəki qiymətlərlə müqayisədə həddindən artıq baha qiymətə alırlar. Həm məhsulları yetişdirən, həm də alanlar çətinliklə üzləşirlər, amma bir qrup insanlar qiymətlər arasındakı fərqdən istifadə edərək qazanırlar. Məhsullarını özləri yetişdirən insanların öz məhsullarını gəlib satması asan deyil, bir sıra əngəllər var. Ona görə də müvafiq qurumları bu məsələyə diqqət yetirməyə çağırırıq ki, əsas qazananlar kəndlərdə kənd təsərrüfatı məhsullarını yetişdirən insanlarımız və yüz minlərlə sadə alıcılar olsun, bir qrup insan yox". 

Millət vəkili Q.Paşayevanın MM-də çıxış videosunun linkini burdan izləyə bilərsiniz. 
https://www.youtube.com/watch?v=6mOAb3dW4hI&feature=youtu.be