“Xəlil Rza haqqımda dedi ki, layiq deyilsə, rədd eləyin, getsin” - KAMRAN YUNİS - VİDEO
    • 27-11-2019, 14:03
    • 1 304

“Xəlil Rza haqqımda dedi ki, layiq deyilsə, rədd eləyin, getsin” - KAMRAN YUNİS - VİDEO

Bir çox filmlərdə, seriallarda səbirli insan, təmkinli ata rolunu oynayan aktyor Kamran Yunis saytımıza gözlənilməz açıqlamalar verib.

News24.az-a danışan aktyor qadınlar haqda fikirlərini bizimlə bölüşüb: "Azərbaycanda qadına verilən dəyər, bəlkə də, dünyanın heç bir yerində yoxdur. Amma eyni zamanda da, bizdə qadına olan hörmətsizlik də, dünyanın heç bir yerində yoxdur. Bunlar bir-biri ilə bağlı məsələlərdir. Axır vaxtlar cəmiyyətimizdə o qədər iyrənc şeylər görürəm ki... Artıq öz-özümə fikirləşirəm, bəlkə elə İran düz edir. Amma kişilərimizin şərəfsizliyini, alçaqlığını da həzm edə bilmirəm..."

Aktyor bildirib ki, həyatında bir dəfə qadına əl qaldırıb:
"Həyatımda dörd insan olub ki, onların məni bağışlaması üçün hər gün dua edirəm. Səhvlərimin biri cahilliyimdən, digəri isə yaşımın azlığından baş verib. Bəlkə də, bu, kimin üçünsə adidir, amma mənim üçün elə deyil. Hətta haqlı ola-ola kiminsə üstünə qışqırıramsa da, sonra otağa girib saatlarla ağlayıram, çünki bunu həzm edə bilmirəm. Həyatımda bir dəfə qadına əl qaldırmışam. Bu isə çox gənc yaşlarımda baş verib. Məktəbdə oxuduğum vaxtlar idi. Bir qız anamı təhqir etdiyinə görə onu vurdum. Bəlkə də, başqası olsaydı, onu tikə-tikə doğrayardı".

"Vaqif İbrahimoğlu mənə üzr istəməyi öyrətdi. Buna görə çox xoşbəxtəm" deyən aktyor hər kəsin "bağışla" deməyi bacarmalı olduğunu vurğulayıb: "Əgər, yanıldığımı hiss etsəm, üzr istəyərəm. Amma təəssüf ki, insanlar üzr istəməyi bacarmır. Çünki bu addımı atmaq üçün böyük adam olmalısan. Mən böyük deyiləm, amma olmaq istəyirəm, buna cəhd göstərirəm".

Söhbət əsnasında aktyor bildirib ki, istənilən məsələdə vətəndaş mövqeyi sərgiləyir: "Mən dilimi dinc saxlaya bilmirəm. Ətrafımda baş verənlərə laqeyd ola bilmirəm. Mənim qadınlardan çox kişilərə yazığım gəlir. Çünki bu zəmanədə kişi olmaq çox çətindir. Yazılmamış qanunlara görə, ailəni kişi dolandırmalıdır. Qəpik, quruşa görə hər şeyindən keçməlisən, amma o... İstəyim odur ki, kişi aldığı pulla ailəsinin, valideynin, övladının yanında gözükölgəli olmasın. Eyni ilə də mən. Milyonları yığıb bahalı xəzlər, maşınlar almaq fikirim yoxdur. Sürdüyüm maşının yağını dəyişməyə pulum yoxdur, amma bu günə şükür edirəm. Kimlərsə avtobusda gəzir, mən isə onlardan bir az rahatam. Bilirsiniz, əgər, insanlar rahat yaşasalar, o zaman böyük problemlər öz həllini tapar. Qadınlarımız gözəl görünməyi sevirlər. Onlar gün ərzində 5-10 dəfə bu istəyini ərinə deyir. Kişi də gec ya da tez bunlardan bezir, qüruruna sığışdırmayıb, çıxıb gedir. Bu gün hər kəs, hər şeydən tez bezir. Kişilərdə qadınlaşma, qadınlarda kişiləşmə başlayıb". 

Sözünün sonunda aktyor dayısı - mərhum şair Xəlil Rzadan da danışıb: "Xəlil Rzanı heç vaxt heç yerdə tərifləmirəm, onun şeirlərini də oxumuram. Elə buna görə də, anamla tez-tez dalaşırıq. Rəhmətlik dayım mənim instituta oxumağıma yol açdı. Hamının içində də məni tapşırıb dedi ki, layiqdirsə, qoyun burda oxusun, layiq deyilsə, rədd eləyin, getsin. Həyatımda elə tapşırıq görməmişdim. O çox fərqli insan idi..."

Sevda Bayramova
Video: Fərid Şabanov