“Ora xəstəxana yox, zülmxanadır”
    • 29-08-2018, 13:02
    • 746

“Ora xəstəxana yox, zülmxanadır”

Narkoloji Mərkəzdəki yanğına görə ittiham edilənlər özlərini təqsirli bilmədilər.

Məhəmməd Məmmədov: “Heç kim çörək yediyi yeri yandırmaz”

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən və 25 nəfər xəstənin ölməsi, 29 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə proses davam edir.
Cinayət işi üzrə Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədova ittiham edilir.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihmını müdafiə edən prokuror ittiham aktımı elan edib.
İttihamda yazılıb ki, spirtli içki aludəçisi olan M.Məmmədov Mərkəzdə artıq saxlanmasına acıqlı olduğu üçün yanğını törədib. Şöbə müdiri və müalicə həkimi A.Məmmədova M.Məmmədovu orada saxlamaqdan ötrü yaxınlarından rüşvət alıb.
T.Məmmədhəsənov və M.Abdullayev isə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasıyla bağlı öhdələrinə düşən işi yerinə yetirməyiblər, vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
“Əl-qolumu bağlayıb zorla Mərkəzə yerləşdirirdilər”
Yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov məhkəməyə sərbəst ifadəsində yanğın törətmədiyini deyib. O bildirib ki, alkoqolizmlə əlaqədar 1998-ci ildən həmin Mərkəzdə dəfələrlə müalicə olunub. Ancaq son illərdə ailə üzvlərilə aralarında problem yaranan kimi, onlar Mərkəzə zəng edir, bu qurumun əməkdaşları gəlib, onun əl-qolunu bağlayıb aparır, zorla ora yerləşdirirmişlər. Bəzən gələnlər ona evdə iynə vurumuş, ayılanda özünü Narkoloji Mərkəzdə görürmüş: “Axır vaxtlar pul qazana bilmirdim, söz-söhbət olurdu. Axırıncı dəfə də məni elə gətirmişdilər ora. Martın 1-də tibb bacısı Şəlalə dedi ki, analiz verim, çünki qalmaq vaxtımı uzadıblar. Dedim, axı həkim Afət xanım mənə bildirib ki, ay yarıma mən çıxacam, altı aylıq müalicə bitəcək. Şəlalənin ifadəsində var ki, guya, mən cavabında demişəm ki, mən buranı yandıracam, məni orada saxlatdırdığına görə oğlumun evini yandıracam, özümü öldürəcəm… Yalandır”.
“Şahidləri hədələyiblər ki, belə ifadə verməsəniz, siz də həbs olunacaqsız”
Təqsirləndirilən qeyd edib ki, şahidlər də hədə-qorxu nəixəsində onun əleyhinə ifadə veriblər. “Onları hədələyiblər ki, belə ifadə verməsəniz, siz də həbs olunacaqsız. Mən Şəlaləyə elə söz demişdimsə, niyə gedib kimsəyə xəbər vermirdi? Yaxud sağ qalan xəstələrin ifadələrində yazıblar ki, guya mən özümü aqressiv aparırdım. O zaman niyə məni digər xəstələrlə birlikdə saxlayırdılar?”
M.Məmmədov deyir ki, özü maşın ustasıdır, Mərkəzdə saxlandığı müddətdə də orada təmir işləri ilə məşğul olub. Məsələn, oradakı çarpayıları qaynaq eləyib, başqa təmir işlərini görüb. Dediyinə görə, bütün günü həyətdə iş görürdü. Əlavə edir ki, əgər özünü öldürmək fikrinə düşsəydi, elə həyətdə olanda canına qəsd edərdi, daha başqalarına ziyan verməzdi.
“Ora xəstəxana yox, zülmxanadır”
14-cü palatada yatdığını və hadisə vaxtı səs-küyə oyandığını deyən M.Məmmədovun sözlərinə görə, yanğın onların palatasından başlamayıb. Oyanıb qapını açanda palataya tüstü dolub. Bildirir ki, binadan çölə qaçıb, birtəhər özünü yaxınlıqda yaşayan bacısıgilə çatdırıb: “Ayağımda ayaqqabım da yox idi. Bacım pul verdi, gedib ayaqqabı aldım. Gəlib parkda oturmuşdum, birdən polislər hücum edib, məni maşına basıb apardılar”.
M.Məmmədov Narkoloji Mərkəzdəki müalicənin keyfiyyətindən də gileylənib: “Ora xəstəxana yox, zülmxanadır. Dərman-filan yoxdur. Ora ancaq pul tələsidir”.
İstintaq və məhkəmə ifadələrində ziddiyyətlər
Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət yarandığı üçün onun istintaqa ifadəsi elan edilib. M.Məmmədov istintaqda ifadəsində bildirib ki, müalicə həkimi Afət Məmmədova oğlunun və həyat yoldaşının sözü ilə hərəkət edərək, M.Məmmədovu uzun müddət orada saxlayıb. Martın 1-də axşam tibb bacısından orada qalma vaxtının uzadıldığını öyrənəndə qəzəblənib, saxta sənədlərlə orada zorla saxlandığına görə Mərkəzi də, çıxıb oğlunun evini də yandıracağını deyib. Gecə özünü öldürməyin yollarını fikirləşib, səhərə yaxın alışqanla yorğanı yandırıb. Alov artanda ölməkdən qorxaraq yorğanı divara tərəf atıb, palatada yanında yatan Nurlanı oyatmağa çalışıb, dəhlizə çıxıb “ay camaat, buralar yanır, çıxın qaçın” deyə haray salıb. Növbətçi sanitar Amid Quliyev əsas qapını açanda həyətə çıxıb, hasarı aşıb bacısıgilə gedib. Törətdiyi əməldən də peşmandır.
M.Məmmədov istintaqda da sonrakı ifadələrində deyib ki, hadisəni o törətməyib, sadəcə, mərkəzdə yanğın olduğunu görüb, çölə qaçıb.
O, məhkəmədə də söyləyib ki, ilkin ifadə ona məxsus deyil, həbs edildiyi gün ona zorla imzalatdırıblar.
Proses sentyabrın 4-də davam edəcək.
Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər xəstə ölüb, 29 nəfər xəsarət alıb. Daha öncə isə Mərkəzdə müalicə olunan və həmin gecə xəstəxanada yanğın törədən Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilir.
Pasiyent Məhəmməd Məmmədovun həkimi Afət Məmmədovaya da Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib. O həbs edilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıb.
A.Məmmədova pasiyent M.Məmmədovun ailə üzvlərindən rüşvət alaraq onu qanunsuz olaraq müalicəyə qəbul etməkdə təqsirləndirilir.
Azad Ələkbərov isə ürəyində ən əməliyyat olunduğu üçün onunla bağlı cinayət işi ayrıca icraata verilib və istintaq hərəkətsiz saxlanılıb. O, hazırda Müəllicə Müəssisəsində stasioner müalicə alır. Onunla bağlı istintaq yekunlaşmadığı üçün məhkəməyə göndərilməyib.

//Bizimyol