Əmircanda əl qumbarası AŞKARLANDI
    • 22-11-2019, 16:49
    • 1 798

Əmircanda əl qumbarası AŞKARLANDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunun Əmircan qəsəbəsində sursat aşkar olunması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə,  Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib.

Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bunlar, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarası və 1 ədəd əl qumbarasının partladıcısıdır. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.