"Sizin xoş diləkləriniz mənim fəaliyyətimə verilən ən yüksək qiymətdir" - Mehriban Əliyeva
    • 1-09-2018, 13:31
    • 1 407

"Sizin xoş diləkləriniz mənim fəaliyyətimə verilən ən yüksək qiymətdir" - Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə Azərbaycanın və xarici ölkələrin tanınmış ictimai-siyasi, elm və təhsil xadimlərindən, ziyalılardan, sadə vətəndaşlardan çoxsaylı təbrik məktubları daxil olub. Təbrik məktublarında Birinci vitse-prezidentin müasir Azərbaycanın dövlət idarəçiliyində və inkişafında oynadığı yüksək rola böyük dəyər ifadə olunur, ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi humanist və xeyirxah fəaliyyəti yüksək qiymətləndirilir. Təbrik məktublarında Mehriban xanıma dərin hörmət, məhəbbət, inam və etimad ifadə olunur.
 Birinci vitse-prezident Mehriban Əliyeva onu təbrik edənlərə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

"Əziz dostlar,

Doğum günüm münasibətilə çoxlu təbriklər almışam. Ən müxtəlif insanlar mənə səmimi arzularını, ürək sözlərini ünvanlayırlar. Tələbələr və pensiyaçılar, həmvətənlərimiz və xaricdəki dostlarımız mənə məktub yazırlar. Çox təəssüf ki, sizin hər birinizə şəxsən cavab verməyə fiziki baxımdan imkanım yoxdur. Lakin mənə ünvanladığınız səmimi sözlərə, fəaliyyətimə verdiyiniz xoş və yüksək qiymətə görə hamınıza ürəkdən təşəkkür edirəm. Hər bir təbrik mənim üçün dəyərlidir və mənə müsbət enerji verir.

Əziz dostlar,

Biz dinamik inkişaf edən dünyada yaşayırıq. Baş verən bütün dəyişikliklərə baxmayaraq insanlıq və saflıq, səmimilik və xeyirxahlıq, mərhəmət və sevgi həmişəki kimi başlıca dəyərlər olaraq qalır.

Mən sizin sevginizi və dəstəyinizi həmişə hiss etmişəm. Sizin xoş diləkləriniz mənim fəaliyyətimə verilən ən yüksək qiymətdir. Buna görə sağ olun. İnanın ki, bu, doğum günü üçün ən yaxşı hədiyyədir.

Əziz dostlar,

Diqqətinizə və səmimi təbriklərinizə görə sizin hamınıza bir daha ürəkdən təşəkkür edirəm.

Sizin hamınıza xoşbəxtlik, cansağlığı, nurlu, sevgi ilə dolu həyat, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm".