BDU-da Şirməmməd Hüseynovun barelyefi qoyuldu - FOTO
    • 17-12-2019, 11:00
    • 1 369

BDU-da Şirməmməd Hüseynovun barelyefi qoyuldu - FOTO

Bu gün Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının mərhum professoru Şirməmməd Hüseynovun anadan olmasından 95 il ötür.

News24.az xəbər verir ki, bu münasibətlə mərhum alimin çalışdığı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Şirməmməd Hüseynovun barelyefi qoyulub. Barelyef fakültənin mətbuat tarixi kafedrasının qarşısına yerləşdirilib. Mərhum alimin barelyefinin açılışına təhsil ocağının rektoru Elçin Babayev, əməkdar jurnalist Cahangir Məmmədli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, REAL TV-nin rəhbəri Mir Şahin, Elçin Mirzəbəyli və jurnalistika fakultəsinin müəllim heyəti və tələbələr iştirak edib.

Çıxış edənlər Şirməmməd müəllimlə bağlı xatirələrini danışıb, ürək sözlərini paylaşıblar. Daha sonra Fəxri Xiyabanda Şirməmməd Hüseynovun məzarı ziyarət edilib.

Qeyd edək ki, Ş.Hüseynov 1924-cü il dekabrın 17-də Şəkidə anadan olub. 1941-1943-cü illərdə bu şəhərdəki 2 illik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsində, 1945-1950-ci illərdə o vaxtkı Azərbaycan Dövlət Universitetində filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU-nun Jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

O, 1954-1961-ci illərdə BDU-nun Filologiya fakültəsinin Jurnalistika kafedrasında müəllim və dosent vəzifələrində çalışıb, 1962-1969-cu illərdə həmin fakültənin dekan müavini olub, 1961-1971-ci illərdə BDU-nun Jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültəsinin dekanı, 1971-1988-ci illərdə BDU-nun Mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləyib, 1988-ci ildən kafedranın professorudur.

Böyük ömür yolu keçən Ş.Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan Demokratik Cümhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidmətləri var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir.

Ş.Hüseynov bu ilin iyunun 24-də vəfat edib, II Fəxri Xiyabanda dəfn edilib.

Sevgül Qasımzadə