"Azərbaycan dünyada təkcə neft ölkəsi deyil, həm də..." - NAZİR
    • 18-12-2019, 13:28
    • 799

"Azərbaycan dünyada təkcə neft ölkəsi deyil, həm də..." - NAZİR

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirilib.

News24.az xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışında nümunəvi tolerantlıq və multikulturalizmin hökm sürdüyü, dinc birgəyaşayış və dialoq mədəniyyətinin, mənəvi harmoniyanın mövcud olduğu Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu dövlət başçımızın qlobal təşəbbüs və səyləri, siyasi iradəsi sayəsində layiqli şəkildə həyata keçirir: "Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevin qlobal əhəmiyyətli ideyaları, elan etdiyi Multikulturalim, İslam Həmrəyliyi illəri kimi təşəbbüsləri ətrafında bir araya gəlməyimiz böyük nemətdir. Bu Uca Yaradanımızın buyurduqlarına uyğun olan, müqəddəs amallara xidmət edən və insanlığın vəhdəti, həmrəyliyinə rəvac verən önəmli missiyadır. Dünya ictimaiyyəti bunu görür və dəyərləndirir".

Mədəniyyət naziri Əbülfəs Qarayev isə çıxışında Bakı Mədəniyyətlərarası Forumun ötən 10 il ərzində yetəri nüfuz qazandığını vurğylayıb: "Artıq nə beynəlxalq təşkilatlar, nə də hər hansı bir dövlət bu nüfuzu şübhə altına sala bilməz. Mehriban Əliyevanın sayəsində 13 qeyri-maddi mədəniyyət irs və 3 mədəni irsimiz UNESCO-nun siyahısına daxildir. Azərbaycan dünyada təkcə neft ölkəsi olaraq deyil, mədəniyyət, tarix, tolerantlıq ölkəsi olaraq tanınır".

DQİDK sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət-din münasibətlərinin inkişaf dinamikası, dövlətin dinə qayğısı, xalqımızın multikulturalizm və tolerantlıq ənənələrinin təbliği və təşviqi sahəsində görülən işlər haqqında danışıb. Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə verdiyi töhfələr, eləcə də bu sahədə qarşıda duran məsələlər haqqında məlumat verib.

Afaq Mirayiq