"Azərbaycan analoqu olmayan ilkə imza atdı" - Allahşükür Paşazadə - FOTOLAR
    • 18-12-2019, 12:05
    • 646

"Azərbaycan analoqu olmayan ilkə imza atdı" - Allahşükür Paşazadə - FOTOLAR

"Azərbaycan dövləti ötən ay beynəlxalq müstəvidə dini, siyasi və elmi ictimaiyyətin qlobal problemlərin birgə müzakirəsini təmin etməklə analoqu olmayan nümunəvi ilkə imza atmış oldu".

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs və çağırışı ilə ərsəyə gəlmiş Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dünya miqyasında mədəni-mənəvi dəyərlər mərkəzi statusunu bir daha təsdiq etdi: "Dünyanın 500-ə yaxın tanınmış din, dövlət və ictimai xadimlərinin iştirakı ilə baş tutmuş, bəşəriyyəti narahat edən problemlərin mənəvi dəyərləndirməsi üçün özəl əhəmiyyət kəsb edən qlobal miqyaslı bu Zirvə görüşü Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq platformasında öncül rolunun göstəricisi olaraq, dinlərarası əməkdaşlıq tarixinin səhifələrinə həkk olundu".

Şeyxülislam onu da bildirib ki, dünya dini liderlərinin, Sammitin nüfuzlu iştirakçılarının dövlət başçımıza ünvanladıqları təşəkkür məktublarında və bölüşdükləri təəssüratlarında II Bakı Sammitinin Azərbaycan adına böyük uğur, tarixi nailiyyət olduğu fikri xüsusi vurğulanır: "Dünya Dini liderlərinin II Bakı Sammitinin beynəlxalq aləmdə əks-sədası davam etməkdədir və dünyanın müxtəlif qitələrində, o cümlədən Avropa, Amerika, Afrika, Asiyada, xüsusilə, Avstriya, Almaniya, İtaliya, İsveçrə, İspaniya, Türkiyə və Rusiya mediasında bu tədbirin yüksək səviyyədə təşkili geniş şərh olunaraq, Azərbaycanın multikulturalizm ideyalarının təbliğ olunmasında müstəsna rolu xüsusi vurğulanmaqdadır".

Şeyxülislam onu da əlavə edib ki, 2017-ci ildə dövlət başçısının xeyir-duası ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası əməkdaşlıq Mərkəzi bütün fəaliyyətini məhz bu ideyaların dünya çapında təblig və təşviqi üzərində qurur: "Mərkəzimizin 2 il ərzində Avropanın bir neçə ölkəsində keçirdiyi dəyərli beynəlxalq konfranslar zamanı dövlət başçımızın ideyalarının necə böyük maraq və diqqətlə qarşılanmasının şahidi oluram. Dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm, radikalizm təzahürlərinin artdığı, miqrant böhranı yaşandığı müasir dövrdə Azərbaycanın dövlət başçısı qlobal miqyasda ümumbəşəri ideyaların ətrafında cəm olmağa çağırmaqla insani həmrəylik, humanizm ideallarının bərqərarına öz töhfəsini verir. Dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini multikulturalizm modelini təklif edir".



Afaq Mirayiq