Qızı zorladı, dostunu susdurmaq üçün öldürdü
    • 6-07-2018, 20:00
    • 991

Qızı zorladı, dostunu susdurmaq üçün öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Ehtiram Hidayətovun (1973-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

 Bu il fevralın 4-də Xaçmaz rayonunun Çarxı kəndində yaşayan Ehtiram Hidayətov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Əfqan Cəfərova (1973-cü il təv.) xəsarət yetirib. 

Nəticədə o, hadisə yerində ölüb, cinayəti törədən şəxs isə könüllü RPŞ-nə gələrək təslim olub. Onun evinə baxış zamanı “İJ-54” markalı tüfəng aşkarlanaraq, maddi sübut kimi götürülüb. 

İstintaqın gedişatında məlum olub ki, E.Hidayətov uşaqlıq dostu Ə.Cəfərova 700 manat pul borc verib. Bir müddətdən sonra pulun qaytarılmadığını görən Ehtiram Əfqanın yanına gəlib, uşağına müalicə üçün pul lazım olduğunu deyib və borcunu istəyib.
Əvəzində Cəfərov onu təhqir edib, bundan hiddətlənən Hidayətov evindən tüfəngini götürərək, geri qayıdıb və atəş açmaqla, sonuncunu qəsdən həyatdan məhrum edib.

Məhkəmə prosesində E.Hidayətov ittiham üzrə özünü tam təqsirli bilib və istintaqda verdiyi ifadəsini təsdiq edib.

Zərərçəkmiş şəxsin hüququ varisi Fatma Cəfərova bildirib ki, Ehtiram oğlunu borca görə yox, qız üstündə qətlə yetirib: 
“Ehtiram bizim qohumumuz olan 18 yaşlı qızı zorlayıb və söz-söhbəti bağlamaq üçün Əfqanı öldürüb. Həmin qızın adını deməyəcəyəm, özünüz təqsirləndirilən şəxsdən soruşarsınız. Oğlum demişdi ki, bu söhbəti qızın qardaşlarına xəbər verəcək, buna görə də o öldürüldü”. 
Zərərçəkmiş Əfqanın Ehtiramdan borc pul almadığını deyib. 
Şahid qismində mərhumun qardaşı Nizami Cəfərov da ifadə verib. O bildirib ki, Ehtiram qohumlarını zorlayıb:
“Kənddə bu hadisə barədə bütün sakinlər danışırdı. Prokurorluqda bu barədə dindirilərkən bildirmişdik, lakin ittihamda zorlama ilə bağlı heç nə yazılmayıb”.
Hakim bildirib ki, ittiham aktında zorlama ilə bağlı heç bir məlumat yoxdur. 
Növbəti proses ayın 13-nə təyin olunub. 

//Oxu.az