"Orta əmək haqqı göstəricisinə görə Azərbaycan MDB məkanında ilk üçlükdədir" - Vüsal Qasımlı
    • 26-12-2019, 12:21
    • 1 668

"Orta əmək haqqı göstəricisinə görə Azərbaycan MDB məkanında ilk üçlükdədir" - Vüsal Qasımlı

"2019-cu ildə sosial islahat paketi minimum əmək haqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası, həmçinin həssas təbəqələrə mənzil, avtomobil və s. formada verilən dəstəyi özündə ehtiva edir". 

News24.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumi olaraq sosial islahat paketi bu il üçün 2,3 milyard manat maliyyə yükü ilə 4,2 milyon nəfəri, başqa sözlə əhalinin 40 faizdən çoxunu əhatə edib: "2019-cu il ərzində minimum əmək haqqı 93% artırılaraq 130 manatdan 250 manata çatdırılıb. İki mərhələli baş tutan bu artımla minimal əmək haqqı Prezidentin 2019-cu il fevralın 8-də imzaladığı Sərəncamla 130 manatdan 180 manata artırılıb və 600 minədək insanı əhatə edib, iyunun 18-də imzalanan Sərəncamla isə 250 manat səviyyəsinə çatdırılaraq özəl sektorda çalışan 350 min, dövlət sektorunda isə 600 minə yaxın şəxsə aid olub".

V.Qasımlı onu da əlavə edib ki, hazırda Azərbaycanda minimum əmək haqqı ölkə üzrə yaşayış minimumunu 40% üstələyir:

"Orta aylıq əmək haqqı təxminən 15 faiz artaraq 625 manata çatıb. Əgər alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq Azərbaycanda minimum əmək haqqı MDB ölkələri, Ukrayna və Gürcüstan da nəzərə alınmaqla 2-ci yerdə qərarlaşıb. Orta əmək haqqı göstəricisinə görə isə Azərbaycan MDB məkanında ilk üçlüyə daxildir". 

Afaq Mirayiq