"Prezident İlham Əliyev tərəfindən təbrik olunmaq şərəfdir"
    • 26-12-2019, 21:00
    • 773

"Prezident İlham Əliyev tərəfindən təbrik olunmaq şərəfdir"

Azərbaycanın görkəmli şahmatçısı Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
News24.az xəbər verir ki, şahmatçı Dünya Kubokunda qələbəsi sayəsində 2019-cu ilin onun üçün uğurlu keçdiyini bildirib. Qeyd edib ki, Dünya Kubokunda qələbə istənilən şahmatçının idman həyatında mühüm yer tutur. Bu nəticə çox vacib və əlamətdar hadisə oldu. Həmin qələbənin mənim qədər Azərbaycan şahmatı üçün də önəmli olduğunu düşünürəm.
Dünya Kubokunda qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təbrikinin onu çox qürurlandırdığını deyən Teymur Rəcəbov bildirib: “Ölkə rəhbərliyindən təbrik məktubu almaq böyük şərəfdir, çox xoşdur. Bu, o deməkdir ki, səni tanıyırlar və karyeranı izləyirlər. Ölkə rəhbərliyinin şahmata münasibəti Azərbaycanda idmanın bu növünə olan marağı daha da artırır, biz şahmatçıları yeni-yeni qələbələr qazanmağa həvəsləndirir”.
Müsahibəsində Dünya Kubokunda rəqibi olan Şəhriyar Məmmədyarov ilə aralarında sağlam rəqabətin olduğunu qeyd edən şahmatçı deyib: “Fərdi inkişafa kömək edən bu rəqabət Azərbaycanın sərhədlərini aşıb. Biz bir-birimizlə təkcə Azərbaycanda deyil, dünyanın ən güclü şahmatçıları ilə birgə yüksək nailiyyətlər uğrunda rəqabət aparırıq”.
O, Dünya Kubokundan sonra milli komandalar arasında Avropa çempionatında və FIDE-nin təşkil etdiyi Qran-Prinin sonuncu mərhələsində də iştirak etməməsinin səbəbinin yorğunluq olduğunu bildirib: “Yüksək səviyyədə oynamaq müəyyən mənada çətin olub. Müasir məşq metodları, saatlarla kompüterdə iş, fiziki dözümlülük, çoxlu sayda turnirlər, tez-tez səfərə çıxmaq asan deyil. Bunun üçün psixoloji və fiziki güc, mənəvi cəhətdən dözümlülük tələb olunur. İndiyə qədər bacarıram. Amma istənilən zaman karyeramı başa vurmaq barədə qərar qəbul etmək olar”.
İddiaçılar turnirinə hazırlıq planı barədə məlumat verən T.Rəcəbov qeyd edib ki, bu nüfuzlu yarışa ciddi hazırlıq tələb edildiyi üçün müəyyən maliyyə vəsaiti də lazım olacaq: “Uzunmüddətli təlim-məşq toplanışı, güclü məşqçilərlə gündəlik iş, mütəxəssislərlə psixoloji, fiziki hazırlıq və digər məsələlər həll olunmalıdır. Müəyyən hazırlıq planlaşdırılıb. Dünya elitasına daxil olan rəqiblərimin imkanları ilə müqayisədə mənim vəsaitim müəyyən mənada məhduddur. İstənilən halda maksimum potensialımı nümayiş etdirərək dünyanın ən yaxşı şahmatçısı adı uğrunda Azərbaycanı layiqincə təmsil etməyə çalışacağam”.