Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
    • 28-12-2019, 19:12
    • 822

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, əvvəlcə Komissiyanın 2019-cu il 23 dekabr tarixli iclasının protokolu təsdiqlənib.
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxılıb. Məlumat üçün qeyd etmək lazımdır ki, bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları ətraflı şəkildə əks olunur. Müzakirələrdən sonra Komissiya səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 5375967 (beş milyon üç yüz yetmiş beş min doqquz yüz altmış yeddi) bildirişin mətbəə üsulu ilə hazırlanmasına qərar verib.