Bayram günləri bütün milli parklara ziyarət pulsuz olacaq
    • 30-12-2019, 13:24
    • 632

Bayram günləri bütün milli parklara ziyarət pulsuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva yeni ildə gözlənilən hava haqqında məlumat verib. 

News24.az xəbər verir ki, Respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, 31-də günün ikinci yarısında isə kəsiləcəyi gözlənilir: "Biz 2020-ci ilin ərəfəsindəyik. Hər yerdə Yeni İl qabağı əhval-ruhiyyə hökm sürür. Bəs biz - sinoptiklər əhalimizi nə ilə sevindirə bilərik? Düşünürəm ki, ilk növbədə fəal istirahət üçün əlverişli olacaq xoş hava ilə Yeni İlin ilk günü isə ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır. Bu da təbiətə səyahət üçün əlverişli fon və yüksək əhval – ruhiyyə yaradacaq. Azərbaycanda isə ziyarət üçün kifayət qədər gözəl məkanlar mövcuddur. Məsələn, Avropanın ən böyük ceyran populyasiyası olan Şirvan milli parkını göstərmək olar. Hələ qədim dövrlərdən şairlərimizim şeirlərində tərənnüm olunan, təbiətimizə gözəlliyi və zərifliyi ilə xüsusi yaraşıq verən heyvanları seyr edə bilərsiniz". 

U.Tağıyevanın sözlərinə görə, Şirvan milli parkında havanın temperaturu 10-13 dərəcə dərəcə təşkil edəcək:" Qeyd etmək istərdim ki, parka nəqliyyat vasitələri ilə daxil olmaq da olar. Bildiyiniz kimi hal-hazırda quşların miqrasiya dövrü bitib və on minlərlə, yüz minlərlə quş ölkəmizə qışlamağa gəlib. Onların qışlama ərazisi Ağgöl və Qızılağac milli parklarıdır. Flaminqoların gözəlliyi Sizi heyran edəcək. Quşları seyr etmək üçün müşahidə vasitələri də var. Havanın temperaturu bu ərazidə 10-14 dərəcəyə yaxın olacaq".

U.Tağıyeva onu da əlavə edib ki, Göygöl və Maralgöldə havanın temperaturu 9-11 dərəcə isti, gecəyə doğru isə 2 dərəcə şaxta olacaq:
"Qar və qış istirahət növlərinin həvəskarları isə Şahdağ milli parkını ziyarət edə bilərlər. Gündüz saatlarında orada havanın temperaturunun 0-5 dərəcə isti, gecə isə 3-8 dərəcə şaxtaya yaxın olacağı gözlənilir. Şahdağ ziyarətçiləri üçün ən yaxşı surpriz isə əraziyə gətirilən zubrlar və yeni dünyaya gətirilmiş zubr balası olacaq ki, onu da Şahzubar adlandırıblar. 
Qeyd etmək istəyirəm ki, bayram günləri bütün milli parklara ziyarət pulsuz olacaq. Bir sözlə, sizləri evdə oturmamağa və aktiv istirahətə dəvət edirik. Xoş hava şəraiti buna imkan verəcək. Hava haqqında məlumata yenə qayıdaraq, qeyd etmək istərdim ki, son 20 ildə Bakı və Abşeron ərazisində Yeni İl ərəfəsində 31 dekabrda yalnız 4 dəfə 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunmuşdur. Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı ilərdə qar yağmışdır. 2009-cu ildə hətta hündürlüyü 14 santimetr olan qar örtüyü əmələ gəlmişdir ki, bu da Bakı üçün nadir hadisədir".


Afaq Mirayiq