Azərbaycanda yeni məhkəmələr yaradılır - QANUN qüvvəyə mindi SİYAHI
    • 1-01-2020, 09:06
    • 986

Azərbaycanda yeni məhkəmələr yaradılır - QANUN qüvvəyə mindi SİYAHI

Azərbaycanda kommersiya məhkəmələrinin fəaliyyət göstərməsi ilə bağlı qanun bu gündən qüvvəyə minir.
News24.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycan inzibati iqtisadi məhkəmələri ləğv edilərək, inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılıb.

Prezident İlham Əliyevin 2019-cu il iyulun 29-da təsdiq etdiyi “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilib.

Sərəncama əsasən, yeni inzibati məhkəmələr yaradılıb:

- Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində;

- Bakı İnzibati Məhkəməsi – Bakı şəhərində;

- Gəncə İnzibati Məhkəməsi – Gəncə şəhərində;

- Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində;

- Şirvan İnzibati Məhkəməsi – Şirvan şəhərində;

- Şəki İnzibati Məhkəməsi – Şəki şəhərində.

Bundan başqa, sərəncama əsasən, aşağıdakı kommersiya məhkəmələri təşkil edilib:

- Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Naxçıvan şəhərində;

- Bakı Kommersiya Məhkəməsi – Bakı şəhərində;

- Gəncə Kommersiya Məhkəməsi – Gəncə şəhərində;

- Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində;

- Şirvan Kommersiya Məhkəməsi – Şirvan şəhərində;

- Şəki Kommersiya Məhkəməsi - Şəki şəhərində.