Zakir Qaralov MÜŞAVİRƏ KEÇİRDİ - FOTO
    • 9-01-2020, 18:27
    • 831

Zakir Qaralov MÜŞAVİRƏ KEÇİRDİ - FOTO

Yanvarın 9-da Baş Prokurorluqda 2019-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilİB. 

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov qeyd edib ki, 2019-cu il uğurlu il olmaqla, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını inamla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində böyük nailiyyətlərə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən dinamik sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunub, hüquqi və demokratik dövlət quruculuğu yeni müstəviyə qaldırılmaqla, qlobal proseslərə və müasir çağırışlara adekvat şəkildə, sistemli yanaşmalar əsasında aparılan islahatlar dövlətimizin dayanıqlı inkişafını təmin etməklə ölkəmizin parlaq gələcəyinə zəmin yaradıb. Dövlət başçısının Azərbaycan xalqına ünvanlanmış bayram təbrikində də 2019-cu ilin ölkəmiz üçün çox əlamətdar il olduğu və qarşıya qoyulmuş bütün vəzifələrin müvəffəqiyyətlə icra edildiyi, mühüm infrastruktur layihələrinin reallaşdırıldığı, nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən ölkəmizin dünya dövlətləri üzrə reytinqinin müxtəlif indikatorlar üzrə yüksəlməsi xüsusi vurğulanıb.

Ölkəmizin ictimai-siyasi və sosial-mədəni həyatında böyük uğurların əldə olunmasında, sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində, əhalinin rifah halının yüksəlməsində, vətəndaş məmnunluğunun təmin edilməsində, sosial həssas əhali qruplarının problemlərinin həllində Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi qeyd edilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə olan yüksək qayğı və diqqətinin təzahürü kimi son bir neçə ildə ölkəmizdə geniş vüsət almış “könüllülük” hərəkatının sosial-ictimai həyatın bütün sahələrində aktiv və səmərəli fəaliyyətinin nəticəsi olaraq ötən il dekabrın 30-da dövlət başçısı tərəfindən imzalanmış Sərəncamla gənclərin fərdi inkişafına  təkan vermək, onlarda sosial məsuliyyət hissini daha da artırmaq məqsədilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib.

Xüsusilə vurğulanıb ki, 2019-cu ildə “Könüllülük hərəkatının” prokurorluqda da davamlılığının təmin olunması məqsədilə hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün 162 tələbənin ictimai köməkçi qismində prokurorluq orqanlarının fəaliyyətinə cəlb edilməsi təmin edilib. 2020-ci ildə prokurorluqda “İctimai Köməkçi” qismində könüllü fəaliyyət göstərən tələbələrin dövlət gənclər siyasətinin ən böyük dəstəkçilərindən birinə çevrilməsi, milli, mənəvi və dövlətçilik dəyərlərinin onlara aşılanması, digər könüllülərlə əlaqələrinin gücləndirilməsi və onların təşkilatlanması məqsədilə tədbirlərin həyata keçirilməsi üçün müvafiq göstərişlər verilib.

Hesabat dövründə ölkəmizdə həyata keçirilən gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarına işə qəbulun müsabiqə yolu ilə aparılmasının prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi istiqamətində əldə edilmiş müsbət işlər diqqətə çatdırılıb.

Eyni zamanda bildirilib ki, 2019-cu il məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi dövrü kimi yadda qalıb. 3 aprel 2019-cu il tarixdə dövlət başçısı tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub.

Məlumat verilib ki, sözügedən Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində verilmiş tapşırıqların icrası çərçivəsində müvafiq qanun layihələri artıq hazırlanaraq təqdim edilib. Eləcə də, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsinin Baş Prokurorluğa tövsiyə edilməsi nəzərə alınaraq bu sahədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və məhkəmələrdə dövlət ittihamının müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə “Elektron İttiham” proqramı Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsi tərəfindən hazırlanaraq istifadəyə verilib.

Fərmanın icrası istiqamətində görülən işlərin davamı kimi növbəti mərhələdə dövlət ittihamının müdafiəsi sahəsində fəaliyyətin daha effektiv həyata keçirilməsinin təmin edilməsi üçün Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturunun təkmilləşdirilməsi məqsədilə tədbirlərin işlənib hazırlanması üçün müvafiq göstərişlər verilib.

Bildirilib ki, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2019-cu ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.
Xüsusi vurğulanıb ki, dövlət başçısının siyasi iradə, əzm və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq prokurorluq orqanları tərəfindən ötən dövrlərdə olduğu kimi 2019-cu ildə də ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı da kəsərli mübarizə uğurla davam etdirilib.
Nəzərə çatdırılıb ki, dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, hesabat ilində vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmini məqsədilə, Baş Prokurorluqda yaradılmış “961” nömrəli Çağrı Mərkəzi 2 oktyabr 2019-cu il tarixdən fəaliyyətə başlayıb.

Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov Baş Prokurorluğun 2019-cu ilin ikinci yarımilinə dair iş planının icra vəziyyəti və cari ilin birinci yarımili üçün iş planı, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Toğrul Muxtarov prokurorluq orqanları tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmandan irəli gələn tapşırıqlar üzrə görülmüş işlər, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev hesabat ilində cinayətkarlığa qarşı mübarizə, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr və Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov hesabat dövründə prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

Əməliyyat müşavirəsində hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub.

Baş Prokurorluğun əlaqədar struktur qurumlarına baş vermə müddətindən asılı olmayaraq əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Eyni zamanda Baş Prokurorluğun struktur qurumlarının rəhbərlərindən əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı mübarizə xətti qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.

Müşavirədə dövlət başçısının vətəndaşlara xidmət sahəsində operativliyin təmin edilməsi ilə bağlı verdiyi göstəriş və tövsiyələrə uyğun olaraq Baş Prokurorluğun “Elektron Cinayət” proqramının Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə” informasiya sisteminə inteqrasiya olunması işlərinin qısa müddətdə yekunlaşdırılması, həmçinin vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi məqsədi ilə mobil tətbiq proqram təminatının hazırlanması barədə tapşırıqlar verilib.

Eyni zamanda, 2019-cu il ərzində görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2020-ci ildə də öz səlahiyyət hədləri daxilində Prezident İlham Əliyevin rəhbəliyi altında həyata keçirilən yeni məzmunlu siyasi tədbirlərin reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkardlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında bütün zəruri tədbilərin görülməsini təmin edəcək.