-
- 17-01-2020, 01:30
- 1 352
Azərbaycanda ərindən boşanan gəlindən hamamda dəhşətli əməl
Bakıda arvadını özünü öldürmə həddinə çatdırmaqda ittiham olunan 1976-cı il təvəllüdlü Vəli Babayevin (cinayət işində ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Vəli Babayev paytaxtın Səbail rayonunda yaşayıb və Mətanət Məlikova ilə ailə qurub.
Sonradan onların arasında ailə-məişət zəminində mübahisə yaranıb və məhkəmə qaydasında rəsmi nikahlarına son qoyulub. Buna baxmayaraq Vəli Babayev nikahlarının pozulduğu vaxtdan (bu tarix 2011-ci ilə təsadüf edir – red.) 2017-ci ilin fevralınadək arvadının və birgə nikahdan doğulmuş qızlarının gündəlik tələbatını, qızının təhsili ilə əlaqədar bütün maddi ehtiyaclarını təmin etməyi və faktiki ər-arvad münasibətlərini davam etdirib.
Bu hərəkətləri ilə Vəli Babayev Mətanəti maddi və digər ehtiyaclardan özündən asılı vəziyyətdə saxlayıb. O, həmin ilin mayından etibarən Mətanəti mütəmadi olaraq döyüb, ona qarşı amansız rəftar edib, nalayiq ifadələrlə təhqir edib.
Sərxoş vəziyyətdə hər dəfə evə gələrək Mətanəti məsxərəyə qoyub, tez-tez birgə nikahdan doğulmuş qızlarının atasının başqa şəxs olması kimi fikirlər səsləndirib.
Bununla kifayətlənməyən Vəli Babayev Mətanətə maddi və sair yardımdan məhrum edəcəyi, yaşadıqları evdən qovacağı ilə hədə-qorxu gəlib.
Keçmiş ərinin bu hərəkətlərindən emosional gərginlik halı keçirən Mətanət avqustun 28-də, gecə saat 2 radələrində yaşadığı Səbail rayon, Y.Bədəlov küçəsində evin hamam otağında özünü öldürmək məqsədilə bıçaqla döş qəfəsinə zərbələr yetirib, ülgüclə sol mil-bilək oynağının ön səthini kəsib.
Bundan başqa, Mətanət sentyabrın 1-də, saat 10 radələrində yaşadığı evin yataq otağının pəncərəsindən özünü ataraq intihar edib.
İstintaq araşdırması zamanı Mətanət Məlikovanın intihar etməsində keçmiş əri Vəli Babayev təqsirli bilinib.
İstintaq orqanı tərəfindən Vəli Babayevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.
Səbail rayon Məhkəməsinin hökmü ilə Vəli Babayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 3 il 9 ay müddətinə şərti cəza təyin olunub.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Vəli Babayevin cəzasının ağırlaşdırılmasını istəyib.
Həmçinin zərərçəkmiş də eyni tələblə apelyasiya instansiyası məhkəməsinə müraciət edib. Təqsirləndirilən şəxsin müdafiəçisi də apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin əməlinin sübuta yetirilmədiyini, onun barəsində olan cinayət işinə xitam verilməsini istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, zərərçəkmiş tərəfin və təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi şikayət təmin olunmayıb.
Bu qərardan narazı qalan Vəli Babayevin vəkili kasasiya şikayəti verib. Vəkil kasasiya şikayətində də cinayət işinə xitam verilməsini istəyib.
Prokuror da kasasiya protesti verib. O, kasasiya protestində Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, cinayət işinə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.
Tərəflərin şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokurorun protestinin, təqsirləndirilən şəxsin vəkilinin verdiyi şikayətin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Məhkəmə tərəflərin kasasiya şikayətlərini təmin etməyib.