“Nazpəriyə 250 min ödəyiblər, bizə dəyən ziyan qalıb”
    • 6-09-2018, 14:00
    • 771

“Nazpəriyə 250 min ödəyiblər, bizə dəyən ziyan qalıb”

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə proses keçirilib.

Təqsirləndirilən şəxslər bir neçə evdən, o cümlədən müğənni Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə ittiham edilirlər.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib. Anar Əliyev deyib ki, Xətaidə yerləşən evindən oğurluq edilib və 18 min manat dəyərində qızılları oğurlanıb. Onun sözlərinə görə polisə məlumat veriləndən bir neçə gün Cavid Əliyevi onun evinə gətiriblər:

“Polislər dedilər ki, oğurluğu edən bu şəxsdir. Cavid birbaşa oğurluğu haradan etdiyini göstərdi və yataq otağına keçdi. Mən ondan qızıllar haradan götürdüyünü soruşdum. Özü dedi ki, dolablardan götürüb”.

“Biz də müğənni olsaydıq, pulumuz ödəyərdilər”

Zərərçəkmiş qeyd edib ki, ona dəymiş ziyan ödənməyib: “Bilirəm ki, digər zərərçəkmişlər, müğənni Nazpəri Dostəliyevaya dəymiş zərər ödənilib. Həmin zərər də 250 min manat məbləğindədir. Yüksək məbləğləri ödəyib lər. Amma bizim 10 illərlərlə qazandığımızı bir gecə də apardılar. Yəqin ki, biz də müğənni olsaydıq, pulumuz ödəyərdilər”.

Anar Əliyev onu da əlavə edib ki, həbs edilən Cavidin atası zərəri ödəyəcəyini deyib: “Atası kişi kimi söz verib ki, ödəyəcək. Hələ gözləyirəm”.

Kamerada iki nəfər görnür, ittihamda isə Cavidin tək oğurluq etdiyi yazılıb.

Digər zərərçəkmiş Afaq Həsənova Sumqayıtdakı mənzilindən oğurluq edildiyini deyib. O qeyd dib ki, oğurluq hadisəsi evində quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınıb:

“Mən ilk olaraq evimdən 15 min qızıl oğurlandığını demişdim. Həmin vaxt həyəcanlı idim. Sonra yenidən polisə getdim. Dəymiş zərərim 26 min manat olaraq qiymətləndirildi. Həmin zərər ödənməyib. Mən Cavidin atasını, anasını tanıyıram. Onun ailəsi çox ziyalıdır. Atam da Cavidin atasını tanıyır. Toyumuzda da iştirak edib. Atası atama söz verib ki, zərəri ödəyəcək. Mənə maraqlıdır ki, istintaqda da bizim evdə olan kameraların görüntülərinə baxıldı. Orada iki nəfər görünür. Binanın giriş qapısında kod var. Cavid və yanında olan şəxs gözləyirlər ki, başqası qapını açsın. Qonşu qapını açanda bunlar da içəri girib. Çıxanda da gəldikləri maşınla gediblər. Amma ittihamda Cavidin oğurluğu tək etdiyi göstərilir”. Zərərçəkmiş Afaq Həsənova deyib ki, onun çıxışlarından sadəcə biri qaytarılıb: “İstintaqda bir xanım boyunbağımı qaytardı. Məlum oldu ki, Cavid həmin boyunbağını başqasına hədiyyə veribmiş”.

Cavid oğurladığı boyunbağını tanış olduğu qadına hədiyyə verib

Məhkəmədə həmin boyunbağımı hədiyyə kimi qəbul edən Aynur Osmanova da dindirilib. Aynur Osmanova deyib ki, hadisədən bir neçə ay əvvəl Cavidlə tanış olub. Həmin ərəfədə Cavid ona hədiyyə olaraq boyunbağı verib:
“Bir neçə gün sonra mətbuatda gördüm ki, Cavid tutulub. Qızılı özüm polisə vermişəm”. Məhkəmə iclası sentyabrın 13-də davam etdiriləcək.

Qeyd dək ki, Hadisə 19 avqust 2017-ci il tarixində Bakı şəhəri Nərimanov rayonunda baş verib. Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olan şəxslər içərisində külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

Məlumata görə, A.Həmidov taksi sürücüsü olub.

İstintaq dövründə həmin cinayət işi üzrə təqsirləndirilən A.Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb. Cinayət işi üzrə xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.

//Bizimyol.info