Prezident:
    • 22-01-2020, 23:56
    • 933

Prezident: "Azərbaycan gəncləri küçələrdə deyil"

"Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük". 


News24.az xəbər verir ki, bu fikirləri Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edərkən deyib: "Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində, onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır".