“Gəncliyin səsi” festivalı KEÇİRİLƏCƏK
    • 31-01-2020, 16:09
    • 1 171

“Gəncliyin səsi” festivalı KEÇİRİLƏCƏK

Fevralın 1-dən 5-dək ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək.

News24.az xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilən festival fəal və istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.  

Fevralın 2-də “Gənclər günü” münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərdə “Açıq qapı günü” elan ediləcək.

Fevralın 3-ü, saat 17:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gəncliyin səsi” festivalının açılış mərasimi keçiriləcək.

Açılış mərasimində gənc rəssamların, xalq tətbiqi-dekorativ və tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi təşkil olunacaq, fəal və istedadlı gənclər mükafatlandırılacaq.

Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, musiqi məktəblərinin müəllim, tələbə və şagirdlərinin, həmçinin gənc aşıqlarından ibarət konsert proqramı təqdim olunacaq.

1-5 fevral tarixində Bakı şəhərində və regionlarda Bakı şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin “Gəncliyin səsi” festivalı çərçivəsində silsilə tədbirlər keçiriləcək.