Baloğlan Əşrəfovun 83-cü qurbanı və ya “Alınmayan” konserti - VİDEO
    • 10-09-2018, 13:04
    • 3 335

Baloğlan Əşrəfovun 83-cü qurbanı və ya “Alınmayan” konserti - VİDEO

Daha çox yaşlı nəslin sevimlisi olan əməkdar artist Baloğlan Əşrəfov Yaşıl Teatrda öz dinləciyi kütləsini bir araya topladı və konsertini verdi. Səhnə tərtibatı, işıqlandırma və çəkiliş olmayan konsert...

İndi isə qayıdaq konsertin lap əvvəlinə... 

Saat 19:00-da qapıların açılmalı olduğu zamanda konsertin təxirə salındığı elan olundu. 

Özünün də qeyd etdiyi kimi, Azərbaycanın müxtəlif rayonlarında ayağının altında 82 qurban kəsilmişdisə, 83-cü Yaşıl Teatrda ifaçıya edilən qurban-sadağalarla “kəsildi” və beləliklə konsert gecikmə ilə də olsa baş tutdu. 

Konsert sanki 1 günün, hətta bir neçə saatın içində təşkil olunmuşdu. Sonradan məlum oldu ki, təşkilatçı müğənniyə konsertin təxirə salınmasını və ya vaxtının dəyişilməsini 1 həftə öncədən təklif edib. Buna səbəb isə az sayda biletin satılması olub.

Baloğlan Əşrəfov səhnəyə çıxan kimi təşkilatçını tanımadığını, heç vaxt üz-üzə gəlmədiklərini və reklamın yalnız avtobus üzərində olduğunu dedi.

Müğənniyə qarşı tərəfin cavabı da gecikmədi. Təşkilatçı paytaxt küçələrində olan reklam afişalarının fotolarını yayımladı. İdman termini ilə desək 1-0 təşkilatçının xeyrinə... 

B.Əşrəfov ard-arda bir neçə mahnı ifa etdikdən sonra məkanın işıqlandırmasından şikayətlənərək: “Projektorlar arxa sırada əyləşənləri görməyimə mane olur” dedi. Bəlkə də ifaçıya bildirməmişdilər və əgər Baloğlan müəllim indiyədək xəbərsizdirsə deyim bilsin ki, arxa sıra ümumiyyətlə boş idi.

Arxada əyləşən izləyiciləri görməməyinizin günahı işıqlandırma deyildi. 

Konsertdə diqqətimi çəkən əsas məqam bek-vokal ifa edən xanım oldu. Yox! gözəllik və ya pis oxumasına görə deyil, çünki uzağı yaxşı görmədiyim üçün uzunu tam ayırd edə bilmədim. Oxumağını isə demək olar ki, eşitmədim. Fonoqramla ifa etdiyi 1 mahnıdan başqa. Onun da sözlərini başa düşənə eşq olsun... 

Sözünü etdiyim xanım səhnədə oxumaqdan çox gətir-götür işləri də görürdü və dayanmadan Baloğlan Əşrəfovun qulağına nə isə pıçıldayırdı. Əvvəl elə bildim ki, konsertin gedişatı barədə nələrsə deyir. Lakin sağ olsun Baloğlan müəllim məsələyə elə səhnədəcə aydınlıq gətirdi. Sən demə, xanım hər dəqiqə ifaçıya “Məni unutma” deyirmiş. 

Hələ səhnəyə çıxan yeniyetmə qızların Baloğlan Əfrəfovu tərifləməyini demirəm. O tam başqa dünya idi. “Baloğlan müəllim Allah sizi qorusun. Təşkilatçı utansın ki, bu konserti təxirə salmaq istəyirdi. Allah sizi səhnəmizdən əksik etməsin” deyib, az qalırdı ki, ağlasın. Sonradan məlum oldu ki, sən dəmə həmin qız elə ifaçının qohumu imiş. Bu məqamı isə sözügedən xanım jurnalist həmkarıma pıçıldamışdı. 

Bir neçə dəqiqə öncə isə konsertin təşkilatçısı status yazaraq müğənninin qohumları tərəfindən “vorovskoy” qaydada təhdid olunduğunu açıqlayıb. 
Nə deyim vallah, Baloğlan müəllimdən belə qalmaqal gözləmirdim. Deyəsən o da həmkarları ilə ayaqlaşmaq istəyir. Fikrimcə alındı... 

Teymur Məmmədov