İtalyan şirkəti milyarder Fərhad Əhmədovu məhkəməyə verdi
    • 10-09-2018, 15:25
    • 1 088

İtalyan şirkəti milyarder Fərhad Əhmədovu məhkəməyə verdi

Tanınmış italyan şirkəti azərbaycanlı milyarder Fərhad Əhmədovuməhkəməyə verib.

Məlumata görə, “Paghere Green Service Societa Agricola S.R.L” şirkəti azərbaycanlı milyarder və onun şirkəti barəsində iddia qaldırıb.
İddiada bildirilir ki, Fərhad Əhmədova məxsus “Baku Caspian Real Estates Limited” MMC italyan şirkətinə ödənməli olan 3 milyon avronu ödəməyib.
Qeyd olunur ki, xarici şirkət 2016-cı ildə Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsində yerləşən altı hektar ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri aparılması ilə bağlı müqavilə imzalayıb.
Müqaviləyə əsasən, italyan şirkətinə bu işlərin müqabilində ümumilikdə 12 milyon avro və əlavələr ödənilməli imiş. Lakin işlərin yekunlaşmasına az vaxt qalmış Fərhad Əhmədova məxsus şirkət 3 milyon avronu ödəməkdən boyun qaçırıb və italyanları hədə-qorxu ilə ərazidən çıxarıb.
Bununla bağlı “Paghere Green Service Societa Agricola S.R.L” şirkəti London Məhkəməsinə müraciət edərək maddi və mənəvi zərərə görə 5 milyon avroluq iddia qaldırıb.
Şirkətin Azərbaycandakı hüquqi nümayəndəsi, vəkil Kamandar Nəsibov bildirib ki, cinayət tərkibi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediləcək.
Qeyd edək ki, milyarder Fərhad Əhmədov Rusiyada yaşayır. O, “Rusiyanın ən varlı 200 biznesmeni” siyahısında 67-ci yerdə qərarlaşıb.
Milyarderin adı bir müddət əvvəl keçmiş arvadı ilə məhkəmə qalmaqalında keçib. Belə ki, milyarder Böyük Britaniya məhkəməsinin qərarına əsasən, keçmiş həyat yoldaşına 584 milyon dollar (453 milyon funt sterlinq) ödəməli olub. Bu, Britaniya tarixində boşanma prosesində ödənilmiş ən böyük məbləğdir.
//Open.az