Küveytdə erməni təxribatının qarşısı alındı
    • 10-02-2020, 20:26
    • 902

Küveytdə erməni təxribatının qarşısı alındı

Fevralın 9-da Küveyt Universitetinin Neft və mühəndislik fakültəsi tərəfindən təşkil olunan mədəniyyət festivalının açılışı olub. Əsasən universitetdə təhsil alan tələbələrin təmsil etdiyi 30-a yaxın dövlətin səfirliyinin, o cümlədən Azərbaycanın Küveytdəki səfirliyinin qatıldığı bu festival çərçivəsində ölkəmizin mədəniyyəti, turizm imkanları və s. barədə məlumatlar, nəşrlər, suvenirlər təqdim olunub.

News24.az xəbər verir ki, festivala ölkəmizin Küveytdəki səfirliyinin əməkdaşları ilə yanaşı, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri qatılıblar.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın spözlərinə görə, Ermənistan stendində bu ölkənin səfirliyi tərəfindən Azərbaycana qarşı təxribat törədilərək, ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz qurumun təşviq edilməsi cəhdi aşkarlanıb. Azərbaycan səfirliyinin əməkdaşlarının məsələ ilə əlaqədar müdaxiləsindən sonra Ermənistan stendindəki saxta “xəritələr” aradan qaldırılıb və universitetin rəhbərliyi baş vermiş insidentə görə Azərbaycan tərəfindən üzr istəyib.

"Təəssüflə qeyd etmək itərdik ki, işğalçı Ermənistan tərəfi müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən sərgi və festivallarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaratdığı qeyri-qanuni rejimi təbliğ etməyə cəhdlər göstərir. Lakin bu kimi cəhdlər uğursuzluğa düçardır. Belə ki, bu cür qanunsuz təbliğat cəhdləri tərəfimizdən aşkarlandığı halda dərhal onların qarşısı alınır".