11 sentyabr hadisələri - ABŞ-ın öz planı, yoxsa terror? Politoloq cavab verir
    • 11-09-2018, 10:36
    • 2 033

11 sentyabr hadisələri - ABŞ-ın öz planı, yoxsa terror? Politoloq cavab verir

11  sentyabr hadisələrində baş verdi? Hadisələrin məğzində əslində nə dayanırdı? Bütün dünyanı şübhəyə salan bu qəribə göydələn çökməsi əslində həqiqətən terror aktı idimi? News24.az-ın bu suallarına politoloq Fuad Hilalov cavab verir:


"Təxminən saat 8:50 – də ilk təyyarə əkiz qüllələr kimi bilinən Nyu – York Ticarət Binasının şimal qülləsinə çırpıldı. Daha sonra isə cənub qülləsinə hücum oldu. Yanğın alovlarını heç kim görmədi. Amma hər iki göydələn tüstülər içində çox qəribə bir şəkildə çökdü. Daha sonra Amerika Müdafiə Nazirliyinin binasına hücum təşkil olundu. Elə bu hücum özündən geriyə xeyli suallar buraxdı. Təyyarənin divara çırpıldığı an yaratdığı dəliklə təyyarənin öz diametri arasında çox ciddi fərqlər mövcud idi. Çox maraqlıdır ki, təyyarənin qalıqları tapılmadı. Bu təyyarənin vurduğu ziyan daha çox qanadlı raketin vurduğu ziyana bənzəyir. Və hadisələrdən dərhal sonra tozun, tozanağın, tüstünün içində çox səliqəli bir şəkildə həmin terrorda günahlanırılacaq ərəblərin pasportları və “Qurani – Kərim” tapıldı. Həmçinin, elə həmin gün, o zamankı ABŞ prezidenti Corc Buş, hadisənin törədənlərin ərəb əsilli olduqlarını, “Əl Qaidə” üzv olduqlarını bildirdi. MKİ rəhbəri Tennet də hadisələri törədənlərin “Əl Qaidə” üzvü olduqlarını qeyd etdi. Sanki proseslər hər şeyin qabaqcadan planlaşdırılmışdı.
Teraktlar baş verən gün, çox maraqlı bir hadisə daha baş vermişdi. Məhz həmin gün ABŞ Müdafiə Nazirliyi təlimlər keçirirdi və təlimlərin ssenarisi təyyarə qaçırılması idi. Düşünün, hərbi təyyarələrinin qaçırılması ilə bağlı təlimlər keçirilir və elə həmin gün də əsl təyyarələr qaçırılıaraq məlum terror aktında istifadə edilir... Fikir vermisiniz ki, binalar çox qəribə və səliqəli bir şəkildə çökdü. Inşaatdan az – çox başı çıxan adamlar yəqin bilərlər ki, bu binaların çöküşü mühəndis söküntüsünə daha çox bənzəyir. Diqqətlə kadrlara baxdığımız zaman görürük ki, çöküş anlarında aşağı mərtəbələrdə müəyyən partlayışlar meydana gəlir. Qeyd etmək lazımdır ki, bu partlayış səslərini yanğınsöndürənlər də eşidib. ABŞ-ın FEMA təşkilatı isə özlərinin 12 sentyabr 2001 – ci il tarixli press–relizlərində xilasedici qrupların artıq sentyabrın 10–da Nyu–Yorka gəldiyini yazmışdılar. Yəni, hadisələrdən bir gün əvvəl artıq Nyu-Yorkda idilər. Bundan başqa, Nyu–Yorkun meri Juliani də eyni gün deyirdi ki, bir gün əvvəl xilasedicilərimiz artıq Nyu–Yorkda idilər və biz artıq onları yerləşdirmişdik. Belə çıxır ki, xilasedicilər bir gün əvvəldən artıq terror aktının olacağını bilirdilər?  Daha sonra bir maraqlı məqam da, ayın 10–da artıq Amerika Müdafiə Nazirliyinin nüfuzlu zabitləri özlərinin 11 sentyabrda olan bütün uçuşlarını təxirə salmışdılar. Bu məlumatı isə maraqlanan oxucularımız dünyaca nüfuzlu “Newsweek” jurnalının 23 sentyabr 2001 tarixli sayında oxuya bilərlər.

11 sentyabr hadisələrinin tarixdəki rolu digər hadisələrlə müqayisə olunmayacaq qədər böyükdür. Hadisələr baş verən gün onu işıqlandıran jurnalistlər sanki hamısı sözü bir yerə qoyublarmış kimi elan edirdilər ki, dünya artıq əvvəlki kimi olmayacaq. Həqiqətən də hadisələrdən sonra cərəyan edən proseslərə baxdığımız zaman dünyanın artıq əvvəlki kimi olmadığını görürük. 11 sentyabr hadisələrindən sonra qlobal miqyasda nələr baş verdi? Amerika bu hadisələrdən sui-istifadə edərək əvvəl Əfqanistanı, daha sonra isə olaylarla heç bir əlaqəsi olmayan İraqı işğal edərək parçaladı. Nəticədə sadəcə İraqda bir milyondan artıq insan qanına qəltan edildi, minlərlə qadın zorlandı və ölkə bu gün də paramparçadır. Yaxın Şərqdə bu gün yaşanan dəhşətli hadisələrin əsası belə demək mümkünsə elə 11 sentyabr hadisələrindən sonra atıldı.
Daha sonra ABŞ özünü dünya jandarmı elan edərək istədiyi adamı istədiyi vaxt oğurlayaraq MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) – nin gizli həbsxanalarında, İraqdakı Əbu Qüreyb, Kubadakı Quantanamo kimi təbiri – caizsə insan sallaqxanalarında olmazın işgəncələrini verdi. Bundan sonra Vaşinqtonun xüsusi xidmət orqanları müttəfiqlərindən tutmuş rəqiblərinə kimi hamını dinləməyə başladı. Bu hadisələri əlində bayraq edən Vaşinqton, ölkə daxilində vətəndaşların hüquqlarına çox sərt məhdudiyyətlər qoydu. Nəticə etibarı ilə, belə demək mümkünsə, hadisədən ən böyük mənfəəti Amerikaya bağlı oliqarxlar və bu dünyanın əsl “ağası” olan Amerika kökənli transmilli şirkətlər əldə etdilər.
Bu hadisəyə biz qısaca tərif verdiyimiz zaman deyə bilərik ki, bu 11 sentyabr klassik şəkildə təxribat idi, yəni reaksiya verilməsi gözlənilən bir addımın təhrik olunması idi"