İlham Əliyev Münxendə ŞƏT-in baş katibi ilə görüşdü - FOTO - YENİLƏNDİ
    • 14-02-2020, 15:25
    • 1 020

İlham Əliyev Münxendə ŞƏT-in baş katibi ilə görüşdü - FOTO - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə görüşüb.

News24.az xəbər verir ki, Baş katibi salamlayan Prezident İlham Əliyev deyib:
- Sabahınız xeyir, xoş gördük.

Baş katib Vladimir Norov: Sabahınız xeyir. Qrafikinizin sıxlığına baxmayaraq, görüşmək üçün imkan tapdığınıza görə bir daha Sizə minnətdarlığımı bildirmək istərdim.
Prezident İlham Əliyev: Sizi görməyə şadam. Mənə görüş haqqında dedilər. Görüşməyə həmişə şadıq, üstəlik, artıq Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malikdir. Təşkilata dialoq üzrə tərəfdaş qismində qoşulmağımız da əməkdaşlığa verdiyimiz əhəmiyyəti təsdiqləyir. Şanxay Əməkdaşlıq Təşkilatının bütün üzv ölkələri ilə yaxşı, yaxın, mehriban qonşuluq münasibətlərimiz var. Biz birlikdə ikitərəfli, bəzən üçtərəfli formatda nəqliyyat, energetika, infrastrukturla bağlı çoxlu mühüm layihələri reallaşdırırıq.
Baş katib Vladimir Norov: İlham Heydər oğlu, deyə bilərəm ki, bu gün Azərbaycan müşahidəçi ölkələr üçün nümunə olaraq dialoq üzrə ən fəal tərəfdaşlardan biridir. Qeyd edim ki, aprelin 21-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı məsələləri üzrə konfransının keçirilməsi ilə bağlı Sizin təşəbbüsünüz, Azərbaycanın təşəbbüsü çox vaxtında atılmış mühüm addımdır. Üzv ölkələrin əksəriyyəti artıq bu təşəbbüsü dəstəkləyir. Düşünürəm ki, bu konfrans nəqliyyat sahəsində müvafiq qurumlar arasında sıx əlaqələrin qurulması və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün vacib meydança olacaq.

Görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı fəal tərəfdaşlıq üzrə dialoq statusunda rolu xüsusi qeyd olunub. Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq çərçivəsində bu il nəqliyyat məsələlərinə həsr olunacaq konfransın keçiriləcəyi bildirilib.

Söhbət zamanı Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatına göndərilən dəvət yüksək qiymətləndirilib və təşkilatın da geniş tərkibli nümayəndə heyəti ilə bu seçkilərdə iştirak etdiyi, seçkilərin azad, ədalətli, demokratik şəkildə keçirildiyi diqqətə çatdırılıb. Həmçinin Azərbaycanda əhatəli islahatların həyata keçirildiyi qeyd edilib.

Görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyi, təşkilatın bütün üzv ölkələri ilə yaxşı münasibətlərə malik olduğu vurğulanıb.

***
11:46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə görüşüb.

News24.az-ın xəbərinə görə, dövlət başçısının Almaniyaya səfəri davam edir.