Azərbaycanda yaşıllıqlara nəzarət üçün elektron baza yaradılır - ETSN
    • 21-02-2020, 17:28
    • 756

Azərbaycanda yaşıllıqlara nəzarət üçün elektron baza yaradılır - ETSN

“Elektron və vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunmasında güclü nəzarət mexanizmi deməkdir və bu, həmin işə  müsbət başlanğıcdır”. 

News24.az-ın məlumatına görə, Bu fikirləri ETSN-də keçirilən mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, istər paytaxtda, istərsə də regionlarda ağac kəsintisi faktları olur. Sevindiricidir ki, ictimaiyyət nümayəndələri yaşıllıqların, ətraf mühitin qorunmasına biganə yanaşmır,  bu məsələlərdə əsl vətəndaş mövqeyi nümayiş etdirir, Nazirliyin işinə dəstək göstərərək ekoloji pozuntularla bağlı məlumatları dərhal bizə çatdırır: “Etiraf etməliyik ki, Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir, müxtəlif infrastruktur layihələri icra olunur.Təbiidir ki, bu işlərin görülməsi zamanı yaşıllıqların  köçürülməsi və götürülməsinə də zərurət yaranır. Bəzən də yaşı ötmüş və qurumuş ağaclar kəsilir, lakin yerinə yüzlərlə, minlərlə ağac əkilir. Paytaxtda və regionlarda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı iş aparılır. Hər il vətəndaşların iştirakı ilə ölkəmizin hər yerində kütləvi ağacəkmə aksiyaları keçirilir, boş torpaqlarda yaşıllıqların artırılmasına və iqtisadiyyatın inkişafına töhfə verən meyvə bağları salınır. Təkcə Abşeron yarımadasında min hektarlarla badam və zeytun bağları salınıb”.