"Azərsu" tullantı suları təmizləmədən DƏNİZƏ AXIDIR - NAZİRLİK
    • 27-02-2020, 10:43
    • 1 038

"Azərsu" tullantı suları təmizləmədən DƏNİZƏ AXIDIR - NAZİRLİK

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Qaradağ rayonunun Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, idarənin əməkdaşı Nərmin Babaşova bildirib ki, monitorinqlərin nəticəsinə görə Qaradağ rayonu ərazisində Xəzəri ən çox çirkləndirən axarların Sahil və Xocasən qəsəbələrində formalaşdığı məlum olub. 

O qeyd edib ki, bu ərazilərdəki müəssisə və yaşayış massivlərində formalaşan tullantı sular “Azərsu”nun Təmizləyici Qurğularının istismara yararsız vəziyyətdə olması səbəbindən təmizlənmədən dənizə axıdılır. 

“Eyni zamanda, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən “Metanol” zavodunun da tullantı sularının Puta kanalı vasitəsilə dənizə axıdıldığı müşahidə edilib. Monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, Qaradağ rayonu ərazisindən Xəzərə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin, bağırsaq çöpü bakteriyalarının miqdarı normadan çoxdur”. 

Nazirliyin əməkdaşının sözlərinə görə aşkar olunan pozuntu hallarının aradan qaldırılması üçün müəssisə və təşkilatlara müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib.

 “Bir daha obyekt və müəssisə rəhbərlərini işlərində ciddi dönüş yaratmağa, istehsalat fəaliyyəti ilə birgə ətraf mühitə münasibətdə də sağlam mövqe tutmağa çağırırıq. Xəzər sahili ərazilərdə monitorinqlərimiz davam etdirilir”.