“Mambo Beach", “Xəzər”, “Dəniz”, “Dərya” istirahət mərkəzlərində tullantı sular DƏNİZƏ AXIDILIR
    • 5-03-2020, 16:12
    • 1 185

“Mambo Beach", “Xəzər”, “Dəniz”, “Dərya” istirahət mərkəzlərində tullantı sular DƏNİZƏ AXIDILIR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinqlər Binəqədi və Səbail rayonlarının Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

İdarənin əməkdaşı Nərmin Babaşova bildirib ki, monitorinqlərin nəticələrinə görə, Səbail rayonu ərazisində Xəzəri ən çox çirkləndirən axarların 20-ci sahə, Badamdar və Bayıl qəsəbələrində formalaşdığı qeydə alınıb.

O bildirib ki, bu ərazilərdəki “Mambo Beach Hotel”, “Xəzər”, “Dəniz”, “Dərya” istirahət mərkəzlərində və ətrafdakı yaşayış massivlərində formalaşan tullantı suları mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulmaması səbəbindən təmizlənmədən dənizə axıdılır. Son illər yaşayış massivlərinin genişlənməsi isə təmizlənməmiş tullantı sularının həcminin artması ilə nəticələnib: “Binəqədi rayonunda da vəziyyət eynidir. Rayonun Xocəsən qəsəbəsində yerləşən "Golden Water" və "El Babtürk" MMC-lərdə, "Bərəkət 98" firmasında və digər müəssisələrdə, eləcə də yaşayış massivlərində əmələ gələn tullantı suları da təmizlənmə prosesi keçmədən Xocəsən gölünə, oradan da dənizə axıdılır. Keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, sözügedən obyektlərdən dənizə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan çoxdur."

Nazirlik rəsmisinin sözlərinə görə, hər bir fiziki və hüquqi şəxs, rayon icra hakimiyyəti orqanları və bələdiyyələr çirklənmə mənbələrinin qarşısının alınması üçün tez bir zamanda ciddi tədbirlər görməlidir. /Trend/