Koronavirusa görə universitet distant TƏHSİLƏ KEÇDİ
    • 11-03-2020, 13:33
    • 1 271

Koronavirusa görə universitet distant TƏHSİLƏ KEÇDİ

Koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə sabahdan Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bütün dərslər distant formada təşkil ediləcək.

Bu barədə UNEC-in rektoru Ədalət Muradov sosial səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, tətbiq ediləcək distant təhsil əyani təhsilin alternativi kimi düşünülüb: "Distant təhsilə qoşulmaq üçün mobil telefon interneti yetərlidir. Distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulmuş dərsləri əvəz edəcək. Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda "iştirak edir" kimi qeydiyyata alınır. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdır. Müəllimin distant formada oxuduğu mühazirəsi avtomatik olaraq yazılacaq və hər bir tələbə həmin mühazirəni dərsdən sonra da dinləyə və görə biləcək. Dərs cədvəli və bununla bağlı ətraflı məlumat bu gün hər birinizin şəxsi kabinetinə göndəriləcək".

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronavirusa yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.