"Azəriqaz”da vətəndaş qəbulu elektron və telefon rabitəsi ilə aparılacaq
    • 18-03-2020, 20:03
    • 787

"Azəriqaz”da vətəndaş qəbulu elektron və telefon rabitəsi ilə aparılacaq

"Azəriqaz” İstehsalat Birliyində vətəndaş qəbulu elektron və telefon rabitəsi ilə aparılacaq. 

News24.az xəbər verir ki, bu barədə İB-dən məlumat verilib.

Məlumatda bildirilir ki, dünyada yayılmış koronavirusun (COVİD-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Hökuməti tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Bu baxımdan SOCAR-ın Baş ofisi və strukturuna daxil olan qurumlar, o cümlədən “Azəriqaz” İstehsalat Birliyində də bir sıra əlavə zəruri tədbirlərin görülməsinə başlanılıb. Beləliklə, bayram günlərində də Birlik adi iş rejimində fəaliyyətini davam etdirəcək. Eyni zamanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər daha da gücləndiriləcək.

Birliyin müəyyən edilmiş sayda işçiləri Novruz bayramındakı qeyri-iş günlərində  (mart ayının 20, 21, 22, 23, 24, 25, 26 və 27-si) tam iş günü rejimində işlərə cəlb ediləcəklər. Lakin 60 yaşdan yuxarı şəxslər və öhdəsində azyaşlı uşağı olan qadınlar, eləcə də onkoloji və ya ağciyər xəstəliyi olan digər şəxslər, həmçinin birgə yaşayan ailə üzvlərində qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi oxşar hallar aşkarlanan işçilər qeyd edilən tarixlərdə işə cəlb edilməyəcək. Bundan başqa qəbul otağında vətəndaşların fiziki qəbulları təxirə salınır, vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçiriləcək. Bununla yanaşı günün 24 saatı “Azəriqaz” İstehsalat Birliyinin sosial şəbəkədəki ünvanları, 104/185 saylı Çağrı Mərkəzinin qaynar xətti, (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan Whatsapp nömrəsinə də müraciətlər qəbul olunacaq. İş yerlərinə kənar şəxslərin, o cümlədən işlə əlaqədar qonaqların girişi məhdudlaşdırılır və belə görüşlərin məsafədən təşkil edilməsi üçün tədbirlər görülür.