Məhkumlar arasında koronavirusa yoluxma yoxdur
    • 19-03-2020, 20:02
    • 1 032

Məhkumlar arasında koronavirusa yoluxma yoxdur

"Şəxsi heyət, penitensiar müəssisələrdə saxlanılan məhkum və həbs edilmiş şəxslər arasında koronavirus infeksiyasına yoluxma halları qeydə alınmayıb".

Bu barədə News24.az-a Penitensiar Xidmətdən məlumat verilib.

Məlumatda bildirilir ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının vaxtında alınması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin müəssisələrində və digər struktur qurumlarında kompleks profilaktiki tədbirlər həyata keçirilir.

Bu müəssisələrə daxil olan bütün şəxslər və nəqliyyat vasitələri sanitar-təmizləmə prosedurlardan keçirilir, sanitariya-epidemioloji nəzarət gücləndirilməklə geniş maarifləndirmə işi aparılır. Koronavirus infeksiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. Əməkdaşların və digər aidiyyəti şəxslərin (vəkil, müstəntiq, həkim və s.) müəssisələrə buraxılışı isə xüsusi qaydada həyata keçirilir.