ASAN könüllülərindən ahıl şəxslər üçün NÖVBƏTİ TƏŞƏBBÜS
    • 27-03-2020, 15:38
    • 756

ASAN könüllülərindən ahıl şəxslər üçün NÖVBƏTİ TƏŞƏBBÜS

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyacları ASAN könullüləri tərəfindən toplanaraq www.asanmektub.az saytına yerləşdiriləcək.

News24.az xəbər verir ki, yardım etmək istəyən vətəndaşlar sayta daxil olmaqla seçdikləri məktublar üzrə qeyd olunanları alaraq könüllülərə təhvil verəcəklər. Alınmış ehtiyaclar isə ASAN könüllüləri tərəfindən müraciət sahiblərinə çatdırılacaq.

Bununla bu kateqoriyadan olan şəxslərə  evdən çıxmadan gündəlik zəruri ərzaq, dərman vasitələrinin və s. çatdırılmasında ümumvətəndaş həmrəyliyi öz töhfəsini verəcək. 

Bu günədək “ASAN Məktub” sosial proqramı vasitəsilə vətəndaşlar tərəfindən 5000-dək uşağın arzu və istəyi həyata keçirilib. Vətəndaşlarımızın 65 yaşdan yuxarı tənha şəxslərin ehtiyaclarının qarşılanması istiqamətində də  həmrəy olacaqlarına və dəstəklərini əsirgəməyəcəklərinə inanırıq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 24 mart 2020-ci il saat 00:00-dan  20 aprel saat 00:00-dək elan olunmuş xüsusi karantin rejiminə əsasən 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib və onlara sosial xidmətlərin göstərilməsi nəzərdə tutulub.