Azərbaycanda 401,2 min nəfərə sosial müavinət TƏYİN OLUNUB
    • 31-03-2020, 13:12
    • 920

Azərbaycanda 401,2 min nəfərə sosial müavinət TƏYİN OLUNUB

2020-ci ilin yanvarın 1-i vəziyyətinə 401,2 min nəfərə aylıq sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 82,4 min nəfər, əlilliyə görə - 180,5 min nəfər, ailə başçısını itirməyə görə - 47,0 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 63,0 min nəfər, digər müavinətləri alanların sayı isə 28,3 min nəfər olub

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, əmək pensiyası almaq hüququ olmayan 1,5 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib..

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 266 nəfər qəyyumuna aylıq müavinət verilb.  Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 8,6 min ailəsinə 14,6 min uşaq üçün aylıq müavinət verilmişdir. Bundan əlavə, 1655 nəfər bir yaşınadək uşağı olan 1654 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 9,1 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 392 şəxsə isə kompensasiya verilib.

2019-cu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72647 ailəyə 76204 uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 4273 şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6387 nəfərə  birdəfəlik müavinətlər verilib.

2020-ci il yanvarın 1-i vəziyyətinə 72,2 min aztəminatlı ailənin 298,9 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun  bir nəfərə düşən orta aylıq məbləği 50,03 manat təşkil edib.
Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 293,8 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.