Bakıda antisanitar  heyvan kəsimi və satışı məntəqələri aşkarlandı -FOTO
    • 2-04-2020, 10:54
    • 857

Bakıda antisanitar heyvan kəsimi və satışı məntəqələri aşkarlandı -FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan News24.az-a verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Bakı şəhərinin Binəqədi, Nərimanov və Xətai rayonlarında fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində reydlər keçirilib.

Reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub. Keçirilən monitorinqlər çərçivəsində koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.

Qeyd edək ki, bu tədbirlər çərçivəsində AQTA hazırda qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri aparır. Agentlik tərəfindən indiyədək bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub.

Agentlik bir daha vətəndaşları qanunsuz fəaliyyət göstərən, eyni zamanda qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan heyvan kəsimi məntəqələrinin xidmətindən istifadə etməməyə, bu istiqamətdə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün prosesdə aktiv iştiraka, eyni zamanda bu sahədə müşahidə etdiyi qanunsuz fəaliyətlərlə bağlı AQTA-nın 1003-Çağrı Mərkəzinə məlumat verməyə çağırır.