Keçmiş icra başçısı prorektor TƏYİN EDİLDİ
    • 2-04-2020, 18:52
    • 845

Keçmiş icra başçısı prorektor TƏYİN EDİLDİ

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) prorektor vəzifəsinə təyinat olub.

UNEC-dən verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Sadıqov Mirdaməd Mirsadıq oğlu UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsinə vəzifəyə təyin olunub.

Mirdaməd Sadıqov əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) “Maliyyə-Kredit” kafedrasında başlayıb. O, 1971-1972-ci illərdə kafedrada baş referat, 1972-1977-ci illərdə laborant və baş laborant vəzifələrində çalışıb. 1973-1977-ci illərdə həmin kafedranın aspiranturasında təhsil alıb və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi adına layiq görülüb. 1977-1982-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi olub. Sonralar “Maliyyə-Kredit” kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsini icra edib. Bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilib. 1988-1992-ci illərdə Bakı Maliyyə-Kredit Texnikumunun direktoru, daha sonra texnikumun Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilməsi ilə əlaqədar 1992-1999-cu illərdə kollecin direktoru vəzifəsində çalışıb.

M.Sadıqov Yeni Azərbaycan Partiyasının üzvüdür. 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış Heydər Əliyev İqtisadi İdarəetmə Məktəbinin icraçı direktorudur.
1999-2000-ci illərdə Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra edib. 2000-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris işləri üzrə prorektoru olub. 2004-cü ildə "Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2007-2008-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışıb. 2008-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub.

14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı olub.

İqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, həmçinin 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir. /APA/