Saxta jurnalist vəsiqəsi hazırlayanlar HƏBS EDİLDİ - FOTO
    • 8-04-2020, 14:03
    • 880

Saxta jurnalist vəsiqəsi hazırlayanlar HƏBS EDİLDİ - FOTO

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir.  Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı paytaxt sakinləri Anar İsgəndərov və Aslan Bayramov “Sağlam Həyat Naminə”, eləcə də “Siyasət və Gerçək Uğur” jurnallarının möhürü ilə təsdiqlənmiş saxta arayışları satarkən saxlanılıblar. 

Araşdırma zamanı müəyyən olunub ki, A.İsgəndərov və A.Bayramov xüsusi karantin rejimi dövründə kütləvi informasiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından süi-istifadə edərək sərbəst hərəkətləri məhdudlaşdırlan şəxslərə guya qeyd edilən jurnalların əməkdaşları olmaları barədə saxta arayışlar satıblar. Bununla da A.İsgəndərov və A.Bayramov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən A.İsgəndərov və A.Bayramov tutularaq istintaqa cəlb olunublar. Onlardan xeyli sayda saxta arayışlar, boş blanklar və möhür aşkar olunaraq götürülüb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi  bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcəkdir.