"Şükür ki, övladımız restoran açmaq üçün..."- BRİLLİANT DADAŞOVA
    • 13-04-2020, 15:06
    • 1 019

"Şükür ki, övladımız restoran açmaq üçün..."- BRİLLİANT DADAŞOVA

"Mən "maç-maç quç-quç"u oğluma görə bəstələmişdim. O qədər yalvarırdım ki, nə olar, gəl, bir dəfə səni öpüm, amma icazə vermirdi. Oğlum ara-sıra deyir ki, mən ona əl qaldırmışam, amma belə şey olmayıb. Mən ancaq sözlə ona nəyisə başa sala bilərəm, şiddət olmayıb".

Bu sözləri Xalq artisti Brilliant Dadaşova News24.az-ın canlı yayımında oğlundan danışarkən deyib. 

Dadaşova söhbət əsnasında köməyə ehtiyacı olan insanlardan bəhs edib: "Depressiyaya düşürəm, çünki bu ərəfələrdə bizdən çox kömək istəyənlər var. Beşinə əlini uzadanda, onuna gücümüz çatmır. Bu baxımdan çox pis oluram, qanım qaralır. İnsanlara kömək edə bilməyəndə elə bil üstümdə ağır yük olur. Mən hətta bir neçə nəfərə yardım üçün Ruhi xanıma müraciət elədim, sağ olsun, kömək əlini uzatdı. Mən təkçə indiki vəziyyətdə deyil, hər zaman əlimdən gəldiyi qədər insanlara kömək eləmişəm. Dəfələrlə hesab kartlarına pul köçürmüşəm və yaxud da yoldaşımın sürücüsü vasitəsilə vəsait yollamışam. Hətta elə olub ki, sürücümlə kasıb bir ailəyə yardım göndərmişəm, qayıdanda mənə deyib ki, "Onların qapısında bahalı maşınlar dayanmışdı". Mən isə onun dediklərini qəbul eləmədən, "Nə demişəmsə onu elə, hər gördüyünə inanma" deyə təpinmişəm. Amma birəm ki, deyilənlərin əsası var. Mən heç vaxt Xalq artisti olduğuma görə insanlara kömək eləməmişəm. Heç bir fəxri adım olmayanda da ehtiyacı olanlara əl tuturdum. Amma biz Şah Abbas deyilik ki, hamıya yardım edə bilək, əlimizdən gəldiyi qədər yardımçı olmağa şalışırıq. Mən ümumiyyətlə etdiyimi deməyi sevmirəm".

Xalq artisti vaxtıilə yaşadığı sıxıntılardan da söhbət açıb: "Çətinlikdən danışmağı sevmirəm. Məncə, insan bütün çətinliklərin öhtəsindən özü gəlməyi bacarmalıdır. Əlbəttə, dünyada milyonlarla tənbəl insan var ki, onlar heç nə eləmədən yalnız Allahdan nəyisə istəməklə, arzulamaqla kifayətlənirlər, amma bu, düzgün deyil. İndiki situasiyada da başımıza nə gələcəyindən xəbərsizik. Çox təəssüf ki, sosial şəbəkədə yüzlərlə saxta və qorxunc mesajlar yayılır. Ona görə mən ailə üzvlərimə icazə vermirəm ki, belə şeyləri dinləsinlər. Çünki bu kimi şeylər insanları çaşdıra bilər. Heç vaxt gözləməmişəm ki, ailədə kimsə nəyəsə görə kömək istəsin. Özüm o çatışmazlığı görüb dərhal yardım eləmişəm. Birinin isti geyimi, digərinin işi, o birisini yeməyi varmı, bunları hər zaman özüm  fikirləşmişəm. Bu situasiya mənim də işlərimi körladı. Məsələn, konsertim, toy məclislərim təxirə salındı, ordan gələcək qonorarlar da batdı".

B. Dadaşova karantin günlərindən də danışıb: "Mən əvvəllər bir gün məşq eləməyəndə, ya efirə çıxmayanda özümü pis hiss edirdim. Elə bilirdim günümü boş keçirmişəm. Amma nə edək? Yaşamalıyıq. Həyatımızı davam etdirməliyik. Düzdür, günlərimizi itiririk, amma məncə, hələ qabaqda bizi çox gözəl günlər gözləyir. Əvvəllər belə vəziyyəti ancaq kinolarda görürdük, indi isə gerçək həyatda. Mən Qız bürcüyəm, "qız"lar da realist olur. Amma bunlara baxmayaraq, heç vaxt belə bir vəziyyətin yaşanacağına inanmırdım".

Həmsöhbətimiz oğlunun hazırladığı unikal proqramdan söz açıb: "Bir çox media qurumları bu haqda xəbər yazmaq üçün bizdən pul istədilər. Mən onlara başa sala bilmirdim ki, bu, xeyriyyə işidir. Mağaza, restoran açmayıb ki, bunun qarşılığında bizdən pul istəyirsiniz. Bu insan tələbələrə kömək edib. Hələ iki il bundan öncə biz bu haqda söhbət edirdik. O zaman Cahad məndən Kiprdə oxuyan bəzi tələbələrin ödənişi üçün yardım istəmişdi. Bəzilərinin valideynləri ayrılıblar deyə, uşaqlar ortada qalmışdı. Baxırsan ki, çox ağıllı və savadlıdır, amma vəsaiti çatmır. Ümumiyyətlə, savadsız insanları görəndə mən çox məyus oluram. İki il öncə Cahad bu proqramı hazırlamağa başlayanda məndən pul istədi. Düzü, əvvəlcə bir az tərəddüd elədim, amma sonra fikirləşdim ki, uşağın arzusunu ürəyində qoymayaq. Bacardığımız qədər ona kömək elədik. Çox şükür ki, övladımız bizdən restoran açmaq üçün pul istəmədi".

Xalq artisti şou-biznesdən də danışıb: "Səhnədə olan insanlar iki cürdür. Üzdə başqa, həyatda isə tamamilə fərqli. Bu gün birinin üzünə tüpürür, sabah isə o üzü yalayırlar. Bu gün dalaşıb sabah barışırlar. Mən belə insanları  anlaya bilmirəm. Di gəl, əlaltdan iş görənlərə heç kim heç nə demir, amma açıq-aydın cavab verənləri pis görürlər. Mən kiməsə sözü üzə deyəndə, deyirlər, aqressivsən. 

Xalq artisti bəzən fikirlərinin təhrif olunmasından, kontekstən çıxarılaraq təqdim olunmasından da söz açıb: "Bir dəfə bir söz işlətdim ki, mən oxumasaydım, Bakı camaatı məni toya çağırmazdı. Amma bəziləri sözlərimi təhrif edib yazdılar ki, "korennoy bakılıllar". Birincisi, bu söz heç mənim leksikonumda yoxdur, ikincisi, "Bakı camaatı" deyəndə, mən burda yaşayan insanları nəzərdə tuturdum".

Sevda Bayramova