"Ümid edirəm bu sınaqdan həm Allah, həm də insanlıq qarşısında üzüağ çıxacağıq" - Ruhi Əliyeva - VİDEO
    • 26-03-2020, 18:35
    • 858

"Ümid edirəm bu sınaqdan həm Allah, həm də insanlıq qarşısında üzüağ çıxacağıq" - Ruhi Əliyeva - VİDEO

“Koronavirusdan qorunmaq üçün evdə oturmaq, təmizliyə riayət etmək və yaxşı qidalanmaq lazımdır”. 

News24.az xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyeva “İnstagram”da canlı yayım zamanı izləyicilərinin suallarını cavablandırarkən deyib. 

O bildirib ki, pandemiyanın qarşısının alınmasına dövlətlə yanaşı hər birimiz bacardığımız qədər dəstək olmalıyıq: “Özümüzü, yaşlılarımızı, uşaqlarımızı, ümumiyyətlə, ətrafımızdakı hər kəsi qorumalıyıq. Bir- birimizə dəstək olmalıyıq. Maddi dəstək imkanı olan maddi, olmayan mənəvi baxımdan ətrafındakı insanlara faydalı olmağa çalışmalıdır. Çünki bəzi insanların məhz psixoloji yardıma ehtiyacı var. Bu, bəlkə də Allahın bir sınağıdır. Yollayıb ki, görsün, biz insanlar bu sınaqdan necə çıxacağıq. Ümid edirəm, biz bu sınaqdan həm Allah, həm də insanlıq qarşısında üzüağ, layiqli çıxacağıq. Virusdan qorxmayaq, amma tədbirimizi də əldən verməyək. Çünki insan qorxduqca immuniteti də zəifləyir”. 

R.Əliyeva söhbət əsnasında virusla mübarizədə əlindən gələni əsirgəməyən tibb işçilərinə də təşəkkürlərini çatdırıb: “Buradan həkimlərimizə təşəkkür etmək istəyirəm. Allah onların hər birinə can sağlığı versin. Bəziləri söz düşəndə həkimlərimizi, səhiyyəmizi bəyənmir. Amma görürsünüz, bu çətin zamanlarda biz Türkiyə, Almaniya, Amerika və s. ölkələrdən kömək ummuruq. Ona görə də, gəlin, azərbaycanlı həkimlərimizin zəhmətini dəyərləndirək, məsləyini sevən, hər çür əziyyəti, qorxunu gözə alıb bu sahədə can qoyan insanların əməyini qiymətləndirək”. 

İş xanımı etdiyi yardımlarla bağlı ona ünvanlanan sualları da cavablayıb:“Üç –dörd balamız var ki, onlara kömək edirik. Allah bizə də, onlara da qüvvət versin ki, bu uşaqlar  sağlıqlarına qovuşsunlar”.