Vergi Məcəlləsində dəyişikliklərlə bağlı təklifər hazırlandı
    • 22-04-2020, 22:48
    • 906

Vergi Məcəlləsində dəyişikliklərlə bağlı təklifər hazırlandı

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Tədbirlər Planının istiqamətlərindən biri də ölkədə pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsidir.

Bu məqsədlə Vergi Məcəlləsində və bir sıra qanunvericilik aktlarında dəyişikliklərlə bağlı təklifər hazırlanıb.

News24.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva həmin təkliflər barədə şərh verib.

S.Musayeva bildirib ki, ölkədə pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə vergi sahəsində müvafiq təşviqlərin verilməsi nəzərdə tutulur. Bununla bağlı Vergi Məcəlləsində dəyişikliklərə dair qanun layihəsi hazırlanıb. Dəyişikliklər sahibkarlıq subyektləri, biznes icmaları və aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə geniş müzakirə edilib, biznesin tələbləri və istəkləri nəzərə alınıb və müvafiq qanun layihəsi Milli Məclisə təqdim olunub. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun bötüvlükdə pandemiyadan zərər çəkən bir sıra fəaliyyət sahələrinə genişhəcmli təşviqləri ehtiva edir.

S.Musayeva qeyd edib ki, pandemiyadan zərər çəkmiş sahibkarlıq fəaliyyəti sahələrinə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyətini həyata keçirən subyektlər, yerləşdirmə vasitələri hesab olunan mehmanxana, otel, hostel kimi təsərrüfatlar, ictimai iaşə fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti və s. misal göstərilə bilər. Həmçinin, tədris müəssisələri, o cümlədən məktəbəqədər təhsil müəssisələri, hazırlıq mərkəzləri də zərər çəkən müəssisələr kimi müəyyənləşdirilib.

Qanun layihəsində pendemiyadan bilavasitə zərər çəkən sahələr üzrə əmlak və torpaq vergiləri üzrə 2020-ci il üçün vergidən tam azadolma, mənfəət vergisi üzrə isə 75 faizlik güzəşt nəzərdə tutulur. Qeyd olunan azadolmalarla yanaşı, spesifik sahələr üzrə mövcud olan vergi rejimləri nəzərə alınmaqla xüsusi güzəştlər təklif edilir. Ölkə daxilində sərnişindaşıma fəaliyyəti həyata keçirən subyektlər, habelə istimai iaşə fəaliyyəti göstərən subyektlər üçün sadələşdirilmiş verginin xüsusi rejimi mövcuddur. Həmin hüquqdan istifadə edən sahibkarlar üçün də sadələşdirilmiş verginin dərəcəsi 50 faiz azaldılacaq. Pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinin iqtisadi aktivliyinin kifayət qədər aşağı düşdüyü, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında bu sahələrdə fəaliyyətin məhdudlaşdığı nəzərə alınaraq, həmin fəaliyyət sahələri üzrə sahibkarlıq subyektləri tərəfindən 2020-ci ildə 2019-cu ilin nəticələrinə görə cari vergi ödəmələrinin təxirə salınması və 2020-ci ildə bütövlükdə mənfəət (gəlir) vergisi üzrə arayışların verilməsi və ödəmələrin həyata keçirilməsinin ləğv edilməsi təklif olunur. Digər tərəfdən, sahibkarlıq subyektlərinin 2019-cu ilin nəticələri üzrə mənfəət (gəlir) vergisinin bəyannamələrinin təqdim olunması və ödənişlərin edilməsinin də 1 sentyabr 2020-ci ilədək təxirə salınması nəzərdə tutulur.

Vergi Məcəlləsinə dəyişikliklər layihəsində mikro sahibkarlıq subyektləri ilə bağlı müddəalar da yer alır. Layihəyə əsasən, mikro sahibkarlıq subyektlərinin sadələşdirilmiş vergi öhdəlikləri 50 faiz aşağı salınacaq. Həmin subyektlər tərəfindən 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş, mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə də 1 sentyabr 2020-ci il tarixinə kimi tətil verilməsi nəzərdə tutulur.

S. Musayeva bildirib ki, ölkədə fəaliyyət göstərən istənilən sahibkarın pandemiyanın qarşısının alınması ilə bağlı profilaktik tədbirlərə və dezinfeksiyaya çəkilən xərclərinin gəlirdən çıxarılması da Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər sirasındadır.