Mehriban Əliyeva  İtaliya Senatının sədri ilə görüşüb
    • 25-09-2018, 15:18
    • 1 823

Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva sentyabrın 25-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.
 Senatın sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı səmimiyyətlə salamlayıb, Azərbaycan-İtaliya münasibətlərini, o cümlədən parlamentlərarası əlaqələri yüksək qiymətləndirib. Senatın sədri son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində çox böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva səmimi görüşə görə təşəkkürünü bildirib, Maria Elisabetta Alberti Kasellatinin bu yaxınlarda Senatın sədri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyi bildirilib. Qeyd edilib ki, rəsmi Roma Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək dəyərləndirir. Vurğulanıb ki, xalqlarımız arasındakı münasibətlərin yaxınlaşmasına töhfə verən İtaliya ilə Azərbaycan arasındakı mədəni əlaqələr də inkişaf edir.