Prezident İlham Əliyev VİDEOKONFRANS KEÇİRDİ - YENİLƏNİB
    • 15-05-2020, 20:11
    • 747

Prezident İlham Əliyev VİDEOKONFRANS KEÇİRDİ - YENİLƏNİB

Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

News24.az xəbər verir ki, Azərbaycan Prezidentini salamlayan CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer dedi:

-Sabahınız xeyir, cənab Prezident.

Prezident İlham Əliyev: Sizi görməkdən çox şadam, sabahınız xeyir. Amma sizin üçün axşamınız xeyir olsun. Sizdə indi axşamdır.

Kelli Kramer: Bəli. Sizi görməkdən olduqca məmnunam. Sizi sonuncu dəfə Davosda görmüşdüm. Amma üstündən, görünür, son hadisələrdən sonra çox vaxt keçir.

Prezident İlham Əliyev: Bəli, sizi yenidən görməyimə çox şadam və çox yaxşıdır ki, bizim bir-birimizlə danışmaq və Davosda keçirdiyimiz görüşdən sonra görülmüş işləri nəzərdən keçirmək, eləcə də növbəti addımları planlaşdırmaq üçün bu fürsətimiz var.

Kelli Kramer: Elədir ki, var. Hesab edirəm ki, bir çox maraqlı hadisələr baş verməkdədir. Mən, sadəcə, bizimlə görüşdüyünüzə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. İcazənizlə, başqa bir məsələni də deyərdim. Əslində, yaxşı və xoş təəssürat bağışlayan haldır ki, COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz. Çox böyük təəssürat bağışladı. Bir daha bu işlərə rəhbərlik etdiyinizə görə Sizə minnətdarıq.

Onu da söyləməliyəm ki, CISCO-nun teleiştirak texnologiyasından istifadəni görmək də çox yaxşı hal oldu. Bir sözlə, əgər bununla Sizə kömək edə bildiksə, bu, çox xoşdur. Sizi görmək fürsətini də dəyərləndiririk. Buna görə minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun.

Sonra CISCO şirkətinin vitse-prezidenti Qay Ditrix çıxış edərək dedi:

-Sizi görməyimə çox məmnunam. Bu gün bizə vaxt ayırdığınıza görə olduqca minnətdaram. Mən üç sahəni əhatə edəcəyəm. Müzakirə etmək istədiyimiz üç sahə belədir: “Smart ölkə”, təhsil və kibertəhlükəsizlik. Onların hamısı Sizin əsas prioritetlərinizlə bağlıdır. Siz onları təxminən iki il əvvəl bizim qarşımızda təsvir etdiniz. Biz ildə iki dəfə Bakıda, yaxud Davosda keçirdiyimiz görüşlərdə Sizə yenilikləri çatdırırdıq.

“Ağıllı şəhər” layihəmiz yəqin ki, xatirinizə gəlir. Biz, əslində, “Ağıllı avtovağzal” ilə başladıq və şəhərdə həmin sahəyə aid bütün müxtəlif cəhətləri əlavə etdik. Özü də bu addımı hərtərəfli sınaq formatında atdıq. Nəticə inanılmaz dərəcədə uğurlu oldu. Çoxsaylı müsbət rəylər daxil oldu. Çox yaxşı məlumatlar toplanıldı.

Qay Ditrix ölkəmizdə icra olunan birgə layihələrdən danışdı, bu layihələrin çox gözəl nəticələr verdiyini bildirdi. CISCO şirkətinin vitse-prezidenti Azərbaycanın müvafiq strukturları ilə çox uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi və bu əməkdaşlığın təcrübə qazanmaq baxımından əhəmiyyətini vurğuladı. O, təmsil etdiyi şirkətlə “Quantelo” şitkəti arasında həyata keçiriləcək əməkdaşlığın perspektivləri barədə də danışdı, vahid məlumatlar sisteminin yaradılması istiqamətində görülən işləri qeyd etdi və bunun ümumi daxili məhsulun artımı, iş yerlərinin yaradılması və innovasiyaların tətbiq edilməsi işinə xidmət edəcəyini bildirdi. Qay Ditrix “Ağıllı məktəblər” layihəsinə toxunaraq dedi:

-Cənab Prezident, ümumi məqsədimiz bir-biri ilə bağlantısı olan “Ağıllı məktəblər” və təhsil proqramlarını yaratmaqdır ki, bu sahədə qlobal liderlik qazanılsın. Sizin qeyd etdiyiniz miqyas və öhdəlik tam uyğundur. Biz bunun öhdəsindən gələ və təhsilin səviyyəsini qaldıra bilərik. Həmin bir-biri ilə bağlantısı olan məktəblər vasitəsilə Sizin dünyadakı statusunuz qalxacaq.

Prezident İlham Əliyev: Çox sağ olun. Siz haqlı olaraq qeyd etdiyiniz kimi, biz iki mühüm tədbirin təşkilində Sizin əla avadanlığınızı istifadə etdik. Texniki nöqteyi-nəzərdən deyə bilərəm ki, hər iki tədbir çox gözəl baş tutdu, çünki bu iş asan deyildi. Əgər türkdilli dövlətlərin Sammiti cəmi bir neçə dövləti əhatə edirdisə, ikinci tədbirə gəldikdə, iştirakçılar qırxdan artıq idi. Orada, həmçinin beynəlxalq təşkilatlar var idi. Yeri gəlmişkən, ilk dəfə idi ki, Qoşulmama Hərəkatı və Avropa İttifaqı eyni tədbirdə iştirak edirdi. Əvvəllər, bu, heç zaman baş verməmişdir. Azərbaycan həmin iki mühüm beynəlxalq tədbiri başladı. Təbii ki, onların hər ikisi koronavirusla və beynəlxalq səviyyədə onunla mübarizə ilə əlaqəli idi. Sizə deyə bilərəm ki, texniki dəstək əla idi. Mən bu fürsətə görə minnətdaram. Hazırda bu imkanlardan sizinlə söhbət etmək üçün istifadə edirik. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, mənim sizin əla sisteminiz vasitəsilə həmkarlarımızla, yəni, dövlət başçıları ilə artıq bir neçə söhbətim olub. Lakin bu, ilk dəfədir ki, mən şirkətin rəhbərləri ilə bu cür söhbət edirəm. Fikrimcə, xoş təsadüfdür ki, bu, CISCO-dur.

Bu, ölkələrimiz arasında çox sıx və deyərdim ki, strateji tərəfdaşlığı nümayiş etdirir. İlk bu cür söhbət apardığım şirkət Birləşmiş Ştatları təmsil edən şirkətdir. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, dünən mən Prezident Trampdan məktub almışam. O, məni və Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə təbrik edib. Öz məktubunda Prezident Tramp yazır ki, təxminən 30 ildir Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsini, siyasi islahatlar məsələlərini təmin etmək üçün birgə işləyirlər. Həmin məktubda, o, xüsusi olaraq qeyd edir ki, iki böyük dövlətimiz gələcəkdə daha çox işlər görəcək. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür.

Qeyd etdiyiniz məsələlərə gəldikdə, biz onları əvvəllər müzakirə etmişik. Şadam ki, Davosda keçirdiyimiz görüşdən sonra böyük irəliləyişə nail olmuşuq. Heyətim mənə məlumat verib ki, bu sahələrdə, xüsusən də müzakirə etdiyimiz kimi “Ağıllı şəhər” layihəsi sahəsində işlər yaxşı gedir. İndi isə siz yeni “Smart ölkə” ideyası ilə çıxış edirsiniz. Nəinki şəhər infrastrukturu, nəqliyyat, dayanacaq yerləri və bəzi digər şəhər infrastrukturu, o cümlədən qlobal “Smart ölkə” konsepsiyası ortaya çıxır və biz onu tam dəstəkləyirik. Söylədiyiniz kimi, o, təhsili, kibertəhlükəsizliyi, səhiyyəni və əvvəlcə müzakirə etdiyimiz kimi, əlavə edərdim ki, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunmasını əhatə edir. Mən buna sonradan qayıdacağam. Lakin ilk olaraq mənə sizin “Quantela” şirkəti ilə əməkdaşlığınız haqqında məlumat verildi. Əlbəttə ki, biz bunu tam dəstəkləyirik. “Smart ölkə” layihəsinin inkişaf gündəliyi üzrə tam tədqiqatın, bir növ “yol xəritəsi”nin hazırlanması da fikrimcə, çox faydalı olardı.

Bundan sonra, qarşımızda tam mənzərə aydınlaşacaq. Atacağımız addımların planı hazır olacaq və yekun nəticə çıxacaq və bu nəticəyə nail olmaq üçün hansı növ ehtiyatların toplanmasına ehtiyac duyulduğunu da biləcəyik. Hazırkı vəziyyətdə “bir-biri ilə bağlantısı olan məktəblər” və təhsil proqramı üçün verdiyiniz dəstək çox vacibdir, çünki sizə məlumat vermək istəyirəm ki, məktəblərimiz və universitetlərimiz koronavirusa görə martın əvvəlindən bağlanıb və tədris ilinin sonuna qədər onlar, birmənalı olaraq, açılmayacaq. Koronavirusla bağlı işlərin gedişini, onun necə olacağını hələ görməliyik. Bu günə qədər vəziyyət nəzarət altındadır. Çox az sayda ölənlər var və ciddi məhdudlaşdırıcı tədbirlər sayəsində yoluxmuş insanların sayı da nisbətən aşağıdır. Lakin hazırda biz dünyanın demək olar ki, bütün ölkələri kimi artıq açılış prosesindəyik. Buna görə məsafədən təhsil imkanları həqiqətən çox vacibdir. Əgər bizdə bütün məktəblərimizin tam bağlantısı olan sistem olarsa onda bu, çox böyük imkana çevriləcək. Siz dediyiniz kimi, bu halda Azərbaycan aparıcı ölkələrdən biri olacaq.

Kibertəhlükəsizliklə bağlı məsələyə gəldikdə, biz bunu, həmçinin əvvəllər müzakirə etmişik. Əvvəlcə müzakirə etdiyimiz kimi və mən də qeyd etdiyim kimi, həmin yeni islahatlar gündəliyində əsas məqsəd ümumi daxili məhsulu artırmaq, iş yerlərini açmaq və bunun üçün innovativ texnologiyalardan istifadə etməkdən ibarətdir.

Hazırkı koronavirus şəraitində, əvvəlcə qeyd etdiyim kimi, bu məsələlər daha da vacibdir. Çünki demək olar ki, bütün ölkələrin ümumi daxili məhsulu zərbə altındadır. Bununla belə, bu ilin dörd ayında bizdə ümumi daxili məhsulun artımı 0.2 faiz səviyyəsində olub. Lakin anlayırıq ki, növbəti ay çox güman bu göstərici də aşağı düşəcək. Sənaye sektorunda vəziyyət daha yaxşıdır. Bizim qeyri-enerji sənayesində 13 faizdən artıq artım olub. Lakin, əlbəttə, koronavirus ümumi daxili məhsula və iş yerlərinə zərbə vurur, çünki biz, təbii ki, işsizliyin artmasını hesablayacağıq. Amma onun qarşısını almaq üçün 2 milyard avro həcmində çox ciddi iqtisadi və sosial paketi işə salmışıq. İqtisadiyyatın hazırda tam bağlandığı sahələrdə işlərini itirmiş insanları qorumaq üçün bunu edirik. Məsələn, turizm. O, indi sıfır səviyyəsindədir. Bir sözlə, bu məsələlər hazırda daha çox əhəmiyyət kəsb edir. Hesab edirəm ki, biz diqqətimizi onun üzərinə yönəldəyəcəyik.

İndicə danışdığımız məsələlərdən başqa, fikrimcə, biz digər sahələrdə də işləyə bilərik. Bilirəm ki, siz kənd təsərrüfatının rəqəmsallaşdırılması ilə bağlı artıq təmasdasınız. Bu sektor hazırkı vəziyyətdə neft qiymətlərinin tənəzzülü ilə aparıcı sektorlardan biri olacaq. Buna görə kənd təsərrüfatı məşğulluq, ərzaq təhlükəsizliyi və ixrac deməkdir. Gözəçarpan nəticələrə nail olmaq üçün bizim su ehtiyatlarımıza çox ciddi elektron nəzarət sistemimiz olmalıdır. Elə bu yaxınlarda mən Baş Nazirin müavininin rəhbərliyi altında xüsusi dövlət komissiyasının yaradılması ilə bağlı Sərəncam imzalamışam. Onlar artıq işə başlayıblar. Bir çox nazirlər həmin komissiyanın üzvləridir, çünki bizim çoxlu itkilərimiz olub. Ötən il isə bizdə çox ciddi quraqlıq oldu. Bu il, həmçinin gözlənilir. Düzdür, daha yüngül olsa da, amma yenə də proqnozlaşdırılmayan haldır. Hava şəraiti gözlənilməz şəkildə dəyişir.

Beləliklə, su ehtiyatlarımızın düzgün qiymətləndirilməsi, layihənin prioritetlərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının və balansın elektron idarə edilməsi qarşıdan gələn illərdə bizim üçün ən vacib məsələdir.

Azərbaycanda infrastruktur layihələrinin əksəriyyətinin artıq tamamlandığını nəzərə alsaq, bu, infrastruktur layihələri sırasında bir nömrəli layihə olacaqdır ki, onun icrası nəticəsində su ehtiyatlarına nəzarət, idarəedilmə və bərabər bölgü təmin olunacaq. Çünki burada narahatlıq doğuran məsələlərdən biri odur ki, bəzən su ehtiyatlarının paylanılması zamanı yerli icra orqanları bunu qeyri-bərabər şəkildə edirlər və nəticədə müəyyən şirkətlər qrupu əsassız üstünlük əldə edir. Bu ədalətsizlik isə öz növbəsində, ciddi çətinliklər yaradır. Bu səbəbdən hesab edirəm ki, bu məsələ də bizim gündəliyimizə əlavə edilə bilər və beləliklə, biz gələcəkdə hansı işlərin görüləcəyi ilə bağlı geniş mənzərəyə malik olacağıq.

Qay Ditrix: Çox gözəl. Cənab Prezident, biz çağırışları sevirik. Su ehtiyatlarının idarə edilməsi dünyanın hər yerində çağırışdır. Biz bu sahədə bir sıra layihə və texnologiyalara malikik. Bu, təkcə su ehtiyatlarının idarə edilməsi və nəzarət deyil. Buraya müvafiq sahədə qanunvericilik də daxildir. Çünki dünyanın elə bölgələri var ki, orada infrastruktur olduqca inkişaf etmiş səviyyədədir, lakin orada boru kəmərlərinin zədələnməsi nəticəsində böyük su itkisi baş verir. Mən iki layihəni nəzərdə tuturam ki, biz pilot layihə çərçivəsində orada sensor texnologiyasının tətbiqi və su ehtiyatları sahəsində qanunvericiliklə bağlı məlumatın toplanılması ilə məşğuluq. Biz, əlbəttə, Sizinlə də bu sahədə çalışa bilərik.

Daha bir mövzu “Ağıllı kənd təsərrüfatı”dır. Siz bu sahədə olduqca irəlidəsiniz və Sizin kənd təsərrüfatının inkişafı ilə bağlı baxışınızı reallaşdırmaq üçün müvafiq texnologiyalar artıq mövcuddur.

Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov “Ağıllı şəhər” layihəsinə toxundu və bu istiqamətdə görülən işlərdən danışaraq dedi:

-Çox təşəkkür edirəm cənab Prezident. CISCO şirkəti ilə çox yaxşı əməkdaşlığımız var. Biz irəli sürülmüş və tərəfinizdən qəbul edilmiş “Smart ölkə” ideyası üzərində çalışacağıq. Düşünürəm ki, bu istiqamətdə “yol xəritəsi”nin, büdcənin və bütün vacib göstəricilərin olması çox önəmlidir. Ümid edirəm ki, “Ağıllı şəhər” layihəsinin icrası mərhələsi yaxınlaşanda biz artıq bu koronavirus məsələsini geridə qoyaraq normal həyata dönəcəyik. Təşəkkür edirəm.

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə CISCO şirkəti ilə əməkdaşlığa toxundu və indiyədək həyata keçirilən layihələrdən danışaraq dedi:

-Cənab Prezident, hörmətli həmkarlar. CISCO şirkəti ilə əməkdaşlığımız koronavirus pandemiyası dövründə də uğurla davam etmişdir. CISCO şirkətinin bulud platforması və şəbəkə texnologiyalarından istifadə etməklə videokonfrans şəklində mühüm tədbirlər təşkil edilmişdir. Bununla yanaşı, müvafiq texnologiyalar vasitəsilə tərəfimizdən dövlət qurumları üçün virtual görüşlərin təşkili və onlayn xidmətlər təklif edilir. Hazırda biz 8 rəqəmsal prioritet üzərində çalışırıq.

Prezident İlham Əliyev: Hesab edirəm ki, bugünkü müzakirəmiz olduqca vacib və ümidverici idi. Bu təşəbbüslərin tərəfinizdən dəstəklənməsinə görə sizə bir daha təşəkkür edirəm. Biz ölkəni müasirləşdirmək arzusunda olduğumuzla bağlı çoxlu müzakirələr aparmışıq və hər kəs anlayır ki, müasir texnologiyalar olmadan bu, mümkün deyil. Bu səbəbdən, zənnimcə, bu gün müzakirə etdiklərimiz icra olunacaq, çünki əvvəl planlaşdırdığımız bütün təşəbbüslər artıq həyata keçirilib.

Su ehtiyatlarının idarə edilməsi məsələsinə qayıdaraq, siz su itkisi məsələsini düzgün qeyd etdiniz və bizdə də belə problem var. Bəzi hallarda Azərbaycanda su itkisi 40 və hətta 50 faiz təşkil edir. Biz yalnız su itirmirik, biz həm də torpağa ziyan vururuq, çünki torpaq yuyulur və daha sonra kənd təsərrüfatı üçün yararsız olur. Düşünürəm ki, səylərimizi birləşdirərək və sizin təcrübənizdən faydalanaraq biz məhsuldarlığı artırmaqla böyük uğura nail ola bilərik.

Bizim münbit torpaq ehtiyatımız məhduddur. Kənd təsərrüfatı məhsulları ilə özümüzü təmin etmək və ixrac qabiliyyətimizi gücləndirmək üçün biz məhsuldarlığı artırmalıyıq. Bu isə yalnız müasir texnologiyaların tətbiqi nəticəsində mümkündür.

Sonra CISCO şirkətinin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Spərrou çıxış edərək dedi:

-Cənab Prezident, həmkarlarımın burada dediklərinə mən də qoşuluram. CISCO şirkətinin Azərbaycan Respublikası ilə əməkdaşlığı fantastik olmuşdur və biz bu əməkdaşlığın davamlı olmasını arzulayırıq.

Daha Sonra CISCO-nun Azərbaycan üzrə regional direktoru Vladimir Orlov çıxış edərək dedi:

-İstərdik ki, Beynəlxalq Avtovağzal Kompleksi regionda icra etdiyimiz bütün pilot layihələr sırasında parlayan bir ulduz olsun. İstərdik ki, şəhərdə tətbiq oluna biləcək bütün texnologiyalar burada istifadə edilsin və biz daha sonra bu layihəni digər dövlətlərə də təklif edəcəyik. “Smart ölkə” layihəsi uzunmüddətli perspektivdə ölkə üçün faydalı olacaq. Burada söhbət yalnız vahid ölkə idarə lövhəsi layihəsindən getmir. Buraya səhiyyə, neft-qaz və digər arzuladığınız sahələr də əlavə edilə bilər. Kibertəhlükəsizlik sahəsində biz “Azərenerji” ilə əməkdaşlıq edirik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Hesab edirəm ki, yeni əməkdaşlıq formatımızın strukturu rəsmi müəyyən edildikdən sonra bizim qısamüddətli icra planımız olmalıdır, çünki bizim bu məsələlərə ciddi ehtiyacımız var. Müasir dünyada təhlükəsizlik bir nömrəli məsələdir və buraya enerji təhlükəsizliyi də daxildir. Bu səbəbdən kiberhücumlara qarşı müdafiənin bizim üçün əhəmiyyəti daha da artacaq. Bu yaxınlarda, pandemiya vaxtı mən “Azərenerji”nin əməliyyat mərkəzinin açılışında iştirak etdim və burada SCADA sistemi daxil olmaqla bütün əməliyyat sistemləri çalışır. Bizim enerji infrastrukturunun müasirləşdirilməsi ilə bağlı böyük planımız var. Mövcud elektrik stansiyalarında yenidənqurma və təmir işləri aparmaqla biz elektrik enerjisi istehsalında ən azı 600 meqavatlıq artım əldə edə bilmişik. Yəni, yalniz resursların optimallaşdırılması sayəsində biz səmərəliliyi artıraraq böyük generasiya gücü əldə etmişik. Beləliklə, bu, əlbəttə, bizim üçün prioritet təşkil edən məsələ olacaq. Səhiyyəyə gəldikdə, hər kəsə aydın oldu ki, koronavirusla uğurlu mübarizədə bu, mühüm amildir. Bütün məhdudlaşdırıcı və təşkilati tədbirlərlə yanaşı, burada həlledici rolu xəstələri müalicə edən həkimlər oynayır. Bu səbəbdən, çox qısa müddət ərzində bizim səhiyyə sistemimiz restrukturizasiya olundu. Biz ən yaxşı xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına verdik. Bu gün 20-dən artıq xəstəxana istifadə edilir. Deyə bilərəm ki, bəzi ölkələrdə ölüm hallarının yüksək səviyyədə olmasının səbəbi xəstəxanalarda çarpayı qıtlığı ilə əlaqəlidir. Onlar fiziki olaraq bütün xəstələri qəbul edə bilmir. Koronavirusun ikinci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur. Beləliklə, səhiyyə sisteminin müasirləşdirilməsi heç vaxt olmadığı qədər əhəmiyyətlidir, çünki koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir.

CISCO-nun Ukrayna üzrə regional direktoru Oleq Bodnar kibertəhlükəsizlik sahəsində əməkdaşlıqdan danışdı. Su itkisi məsələsinə gəldikdə isə o dedi:

-Su itkisi məsələsinə gəldikdə, bu, maraqlı mövzudur və bu sahədə regionda bizim hazırda həyata keçirdiyimiz layihə yoxdur. Bu baxımdan, Avropa və Amerikada olan təcrübəni Azərbaycana gətirmək çox yaxşı olardı. Sizinlə çalışmaq fürsətinə görə təşəkkür edirəm.

Xanım Kelli Kramer dedi:

-CISCO heyəti və Azərbaycan arasında keçirilən bu görüş çox səmərəlidir. Cənab Prezident, Sizin kimi liderin texnologiyaya belə açıq olması və onun ölkə üzrə tətbiqinə hazır olması məmnunedici haldır. Şadam ki, CISCO bu sahədə Sizinlə əməkdaşlıq edir və hesab edirəm ki, qeyd etdiyimiz məsələlərin icrasını sürətləndirə bilərik. Bu əməkdaşlığın davamlı olmasını arzulayıram. Siz təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdənsiniz və bu işdə öndə getdiyinizə görə Sizə təşəkkür edirəm. Düşünürəm ki, biz bu tərəfdaşlığı yaratmaqla ölkəniz haqqında da çox şey öyrənə bilərik.

Prezident İlham Əliyev: Çox təşəkkür edirəm. Əməkdaşlığa və dəstəyinizə görə sizə minnətdaram. Əminəm ki, bizim strateji tərəfdaşlığımız yalnız güclənəcək. Çünki bizim ölkənin müasirləşdirilməsi ilə bağlı gündəliyimiz, sizin isə texnologiyanız var. Bizim uzun illərdir ki, əməkdaşlıq təcrübımiz var. Artıq qeyd etdiyim kimi, burada layihələrin uğurlu icrası birgə səylərimizin ən yaxşı təzahürüdür. Bizim baxışlarımız tam üst-üstə düşür və potensialımızı səfərbər etməklə biz nisbətən qısa müddət ərzində çox işlər görə bilərik. Bu isə bizim Azərbaycanın müasirləşdirilməsi baxışımıza tam uyğun olacaq. Koronavirus pandemiyası başa çatdıqdan sonra sizi Bakıda görməyə ümid edirəm. Xatırlayıram ki, sizi buraya dəvəm etmişəm və beləliklə, müzakirəmizi regional formatda davam etdirə bilərik.

Xanım Kelli Kramer:

-Əlbəttə. Biz bu qorxunc pandemiyaya qədər artıq hər bir şeyi planlaşdırmışdıq və vəziyyət yaxşıladıqdan sonra mütləq səfər edəcəyik. Hər şeyə çox görə çox sağ olun.

Prezıdent İlham Əliyev: Çox sağ olun. Sizə ən xoş arzularımı çatdırıram. Bu müzakirələrə görə sağ olun.