AQTA - dan hamilə qadınlara XƏBƏRDARLIQ
    • 20-05-2020, 13:10
    • 972

AQTA - dan hamilə qadınlara XƏBƏRDARLIQ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hamilə qadınların qida rasionu ilə bağlı tövsiyələrini açıqlayıb. 

News24.az-ın xəbərinə görə, tövsiyələrdə hamiləlik zamanı qadınların immun sisteminin zəiflədiyi vurğulanıb. 

"Məhz buna görə də infeksiyalara qarşı daha həssas olurlar. Xüsusilə hamiləliyin erkən mərhələlərində ürəkbulanmaya, əhvali-ruhiyyənin dəyişməsinə görə ananın kifayət qədər qidalanmaması xəstəliklərə tutulma riskini artırır. Dərman istifadəsi qadağan olunduğu üçün xəstəliklərin sağalma müddəti uzanır. Həmin dövrdə qan təzyiqinin artması da hamilə qadınlara rahatsızlıq verə bilər. Bütün bu hallar doğulacaq körpənin sağlamlığı üçün təhlükə faktorudur. Bir sözlə, hamiləliyin düzgün gedişi, gələcək ananın sağlamlığı və düzgün qidalanması doğulacaq uşağın sağlamlığının təminatıdır.

Hamiləlik dövründə orqanizmi zərərli təsirlərdən qorumaq üçün immun sistemini gücləndirmək vacib şərtdir. Qida rasionunda vitamin və minerallarla zəngin olan meyvə-tərəvəzə üstünlük verilməlidir. Sitrus meyvələrinin, narın, brokkoli, kələm və ispanaq kimi tünd yaşıl yarpaqlı tərəvəzlərin, soğan, sarımsaq, kətan toxumunun tələb olunan miqdarda qəbulu olduqca faydalıdır. Hamilə qadınların qida rasionunda yumurta, süd və qırmızı ətin olması şərtdir. Həftədə azı 2 dəfə balıq yemək məsləhət görülür. Lakin körpənin sinir sisteminə zərər verə biləcək ağır metallarla zəngin olan balıqlar (məsələn, tuna balığı) istehlak olunmamalıdır.

Hamiləlik dövründə bağırsaqların normal fəaliyyəti üçün qatıq, ayran və pendir kimi süd məhsullarının qəbulunu artırmaq lazımdır. Sinklə zəngin süd məhsulları, noxud, mərci, lobya kimi paxlalı bitkilər, eləcə də qoz-fındıq orqanizmin müqavimət qabiliyyətinin artırılmasına mühüm təsir edir. Fol turşusu, kalsium və dəmirlə zəngin məhsullar hamilə qadınların qida rasionunun xeyli hissəsini təşkil etməlidir. 

Xatırladaq ki, normadan artıq qidalanma da təhlükəli hesab olunur. Hamilə qadın üçün keyfiyyətli və sağlam qidalanmadan əlavə, düzgün maye qəbul etmək də vacibdir. Gündə azı 2,5-3 litr su içmək tövsiyə olunur. Su həzm sisteminə yaxşı təsir edir. Yuxusuzluq orqanizmin immun sisteminə mənfi təsir göstərən amillərdən biridir. Hamilə qadınların yuxu rejiminə diqqət yetirməsi şərtdir", agentlikdən bildirilib.