Cəlilabadın ən ucqar kəndlərində elektrik enerji sistemi YENİDƏN QURULUR - VİDEO
    • 22-05-2020, 13:13
    • 804

Cəlilabadın ən ucqar kəndlərində elektrik enerji sistemi YENİDƏN QURULUR - VİDEO

 “Azərişıq” ASC tərəfindən “Yeni kəndlər layihəsi” çərçivəsində Cəlilabad rayonunun 7 yaşayış məntəqəsi və bir sərhəd zastavası- ümumilikdə  670 abonentin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işlərinə başlanılıb. 

"Azərişıq" ASC-dən News24.az-a verilən məlumata görə, rayon mərkəzindən 50 km uzaqlıqda yerləşən Boyxanlı kəndində işlərə artıq start verilib. İlk dəfə 1963-cü ildə enerji təchizatı ilə təmin olunan kənddə elektrik enerjisi təsərrüfatında sonuncu dəfə 1980-ci ildə cari təmir işləri aparılıb. 40 il sonra “Azərişıq” ASC kənddə elektrik enerji sistemini tamamilə yenidən qurur. Yararsız elektrik naqilləri, dayaqlar, sayğaclar və transfarmator məntəqələri tamamilə yenilənəcək. Mərhələli şəkildə yenilənmə prossesi 7 kənddə icra olunacaq.