Ələt azad iqtisadi zonası yaradıldı - FƏRMAN
    • 22-05-2020, 15:25
    • 783

Ələt azad iqtisadi zonası yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.

News24.az xəbər verir ki, Fərmana əsasən, Ələt azad iqtisadi zonası (Azad Zona) və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb. Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib. Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu ləğv olunub.

Nazirlər Kabineti yerquruluşu planlarında göstərilmiş torpaqların “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun alınması istiqamətində zəruri tədbirlər görəcək. Torpaqların dövlət ehtiyacı üçün alınması yekunlaşdıqdan sonra bu Fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş torpaqların Azad Zona səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ayrılmış ərazinin Ələt azad iqtisadi zonasının ərazisinə daxil edilməsi üçün zəruri normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azad Zona səlahiyyətli qurumu Azad Zona səlahiyyətli qurumunun təşkilati strukturunun müəyyən edilməsi ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Azad Zona səlahiyyətli qurumuna lazımi kömək göstərilməsini təmin etməlidir.