Təhsil naziri yol hərəkəti qaydalarını pozur - VİDEO
    • 28-09-2018, 21:00
    • 1 977

Təhsil naziri yol hərəkəti qaydalarını pozur - VİDEO

News24.az redaksiyasının vatsap nömrəsinə izləyicilərimizdən maraqlı bir görüntü daxil olub. İzləyicimizin bildirdiyinə görə təhsil naziri Ceyhun Bayramovun 10 AA 717 dövlət nömrə nişanlı BMW markalı avtomobili "Koroğlu metrostansiyası tərəfdən Bilgəhə gedən yolda yol hərəkəti qaydalarını pozub. Belə ki, nazirin avtomobili 120 km. sürət həddini aşaraq, saatda 140 km. sürətlə hərəkət edib. Maşın hərəkətdə olarkən siqaret kötüyü avtomobildən kənara atılıb və hərəkət zolağını dəyişərkən, arxa sayrışan işıqlardan istifadə olunmayıb. Məsələylə bağlı News24.az-a açıqlama verən  Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehoğlu bildirib ki, avtomobilin yol hərəkəti qaydalarını pozub-pozmamasına yalnız yol polisi qərar verə bilər.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədova verdiyimiz "yol hərəkəti qaydalarını pozan dövlət məmurları və xidməti avtomobillərə qarşı hansı cəza tədbirləri görülür?" sualına bu cavabı aldıq:
"Qanun hamı üçün qanundur. Lakin, diplomatik immuniteti, imtiyazları olan şəxslərə, deputatlara, hakimlərə və bu kimi statusu olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş xüsusi hallarla yanaşılır. Sözügedən halda yalnız  müşahidə kameralarından ən düzgün cavabı ala bilərik".