Sürücü məsuliyyətsizliyi daha bir can aldı
    • 1-10-2018, 17:45
    • 795

Sürücü məsuliyyətsizliyi daha bir can aldı

Bu barədə çox deyib, çox eşitmişik. Müasir şəhər həyatında əsas faktorlardan biri də piyada və sürücü münasibətlərini özündə əks etdirən yol mədəniyyətidir. Sürücü-piyada münasibətlərinin artıq 100 ilə yaxın tarixi olsa da, hələ də inkişafdan geri qalır.
Bu məsələyə qayıtmağımızın səbəbi bu gün baş verən dəhşətli qəzadır. Xəbər verdiyimiz kimi Bakıda sərnişin daşıyan avtobus qatarla toqquşub.Qəzada bir nəfər ölüb 34 nəfər isə  yaralanıb. Çox təəssüf ki,  can itkisi olmayana qədər belə məsələlərlə bağlı heç bir tədbir görülmür. Bəs görəsən bu məsələdə günah kimdədir? Baş verən hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin  rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. O,” Hazırda məsələ ilə bağlı araşdırma getdiyini" bildirdi. "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova isə bildirib ki,sərnişin avtobusu ilə qatarın toqquşmasında maşinistin heç bir günahı yoxdur və hər iki tərəfdə şlaqbaum bağlı olub.  Demək ki tək günahkar avtobus sürücüsüdür. Sosial şəbəkələrdə vətəndaşlar dayanmadan sürücü mədəniyyətsizliyindən yazır, şikayətlənirlər. Özümüz də kobud sürücülərlə az rastlaşmırıq. Sərnişinə insan kimi deyil, 30 qəpik gözü ilə baxan, yeri gələndə ağzına gələni deməkdən çəkinməyən mədəniyyətsiz sürücülərin sayı yüzlərlədir. BakuBusda bu problem qismən həllini tapsa da bu sistemə qoşulmayan ictimai nəqliyyatda vəziyyət bərbad olaraq qalır. Bəs nə vaxta kimi bu hal davam edəcək? Kütləvi qırğın olana qədər?