"İctimai qınaqla yanaşı, çox ciddi dövlət nəzarəti də vacibdir" - İlham Əliyev
    • 24-06-2020, 22:16
    • 717

"İctimai qınaqla yanaşı, çox ciddi dövlət nəzarəti də vacibdir" - İlham Əliyev

Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edirlər ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır.

News24.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Gəncə şəhərində modul tipli xəstəxananın açılışından sonra bir qrup tibb işçisi ilə görüşündə ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyət haqqında danışarkən deyib.
“Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər yaxşı bilir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün”, - deyə dövlətimizin başçısı vurğulayıb.