"Mən özümü yox, AzTV-ni dəyişməyə gəlmişəm" - Ranar Musayev - Video
    • 8-07-2020, 18:17
    • 678

"Mən özümü yox, AzTV-ni dəyişməyə gəlmişəm" - Ranar Musayev - Video

"AzTV-ni bu videodakı kimi görmək istəməyənlər, sizdən üzr istəyirəm, amma indi AzTV belədir və inşallah, bundan da yaxşı olacaq! Mənasız anonim məktublar yazmaqdansa, ortaya iş qoyun, bacarığınızı göstərin, sizə də yaxşı maaş verilsin. Hər kəs istedadına, təcrübəsinə, bacarığına görə qiymətləndirilir".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının bədii rəhbəri Ranar Musayev "Facebook" hesabında yazıb. O bildirib ki, anonim məktub və ya feyk profildən boş-boş şərhlər yazmaq sənət deyil, qiymət verilmir, nəzərə də alınmır:"Özünüzə nəhayət sənət seçin! O ki qaldı mənim rəqs etməyimə, rəqsi çox sevirəm, AZTV-yə qədər də rəqs etmişəm, bundan sonra da rəqs edəcəyəm. Harada yazılıb ki, vəzifə veriləndən sonra rəqs etmək qadağandır.

Mən AzTV-yə özümü dəyişməyə yox, AzTV-ni dəyişməyə gəlmişəm. Həyat tərzim dəyişilməz olaraq qalıb, idman üslublu ayaqqabı geyinirəm, qalstuk taxmıram, rəqs edirəm və instagramda paylaşıram. İstər vəzifəli şəxs olsun, istər işsiz, istər varlı olsun, istər kasıb, hamı ilə eyni səviyyədə davranıram. Hər bir normal adamda olduğu kimi, bu stereotiplər məndə də mövcud deyil. Eləcə də AzTV-ni köhnə və ya təzə işçilərə bölmürəm. Mənə görə, istedadlı, bacarıqlı, hətta bacarıqsız, amma nəsə öyrənməyə, etməyə çalışan işçi var, bir də bacarıqsız, nə işləmək, nə öyrənmək istəyən üstəlik işə və yaradıcı adamlara mane olan işçi, vəssalam. Sonuncularla da mübarizə aparıram, bəli, ələlxüsus da ədalətsizlik edənlərlə...

Qarayaxmaların belə qızğın vaxtında, mən şəxsi həyatına xətt çəkərək özünü səhərdən gecəyə qədər, bayram ve bazar günü olmadan işə, AzTV-yə həsr edən AzTV-nin yeni sədri Rövşən Məmmədova təşəkkür edirəm. Təşəkkür edirəm ki, bu çətin və məsuliyyətli işdə öz töhfəmi vermək üçün məni dəvət edib, qarşıma ciddi iş planı qoyub və bu planı layiqincə yerinə yetirməkdə mənə hər zaman dəstək olur. Təəssüf ki, bu dövr ərzində gücümün cəmi iyimi faizi yaradıcılığa sərf olunub, qalan səksən faizi isə maneələri aşmağa gedib. Bəli, əsəblərim pozuldu, saçım töküldü, amma eybi yoxdur, əsas odur ki, nəticələr əldə olunur.

Yazılan qarayaxma tipli məqalələrə adətən cavab vermirəm. Sadəcə, bu dəfə rəhmətlik Etibar Babayevin adını qara piar üçün istifadə etməyiniz mənə toxundu, ayıbdır! Etibarla bizim çox gözəl münasibətlərimiz olub, aramızda heç bir narazılıq olmayıb. O, məni çox istəyib, mən də onu. Aramızda heç bir vəzifə söhbəti ola da bilməzdi. Yalnız yaradıcılıq və xoş münasibətlər var idi. Hər zaman bir-birimizin uğuruna öz uğurumuz kimi sevinmişik. Mənim hər hansı bir uğuruma Etibar müəllim uşaq kimi sevinirdi, eynilə də mən. Belə səmimi münasibətləri də hər bir kəsə arzu edirəm. Biz başqa dünyanın adamlarıyıq, öz dünyanızla müqayisə etməyin. Allah ona rəhmət eləsin və inşallah ki, belə insanlarımız çox olsun.
Sonda isə anonim məktub sahiblərini bir tərəfdən sevindirim ki, ömrümün sonuna kimi AzTV-də qalmaq fikrim yoxdur, işimi bitirdikdən sonra nəhayət yoluma davam edəcəyəm. Digər tərəfdən isə bildirim ki, ümidvaram burda olduğum müddət ərzində sizin kimiləri kanaldan aşkar edib, azad edə biləcəyik ki, bizdən sonra yeni gələnlər sadəcə yaradıcılıqla məşğul olsunlar, işi davam etdirə bilsinlər, bizim üzləşdiyimiz maneələrlə üzləşməsinlər.

Allah hamını mərdimazarlardan qorusun!"