Tovuzda 1 şəhər və 4 kəndin yolları yenidən qurulur - FOTO
    • 9-07-2020, 12:18
    • 571

Tovuzda 1 şəhər və 4 kəndin yolları yenidən qurulur - FOTO

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında yer alan genişmiqyaslı sosial-infrastruktur layihələr arasında yol infrastrukturunun yenidən qurulması xüsusi önəm daşıyır. Bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda geniş yenidənqurma işləri aparır.

Agentlikdən News24.az-a verilən məlumat məlumata görə, Tovuz rayonunda bu layihələrdən 1 şəhər və 4 kəndi əhatə edən ümumi uzunluğu 36 km olan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə və sürətlə dava etdirilir.

Bu M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və uzunluğu 17 km olan Əyyublu kəndinin, 4.4 km uzunluğunda Aran kəndinin, 7.6 km-lik Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin, həmçinin uzunluğu 5 km olan Aşağı Quşçu və 2 km olan Koxanəbi kəndlirinin avtomobil yollarıdır.

Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq.

Çünki sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən avtomobil yolu yararsız vəziyyətdə idi. Üstəlik bəzi hissələrdə yol əkin sahəsindən keçdiyi üçün torpaq yatağı suvarma və qrunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdür. Bu isə öz növbəsində vətədaşların hərəkətində müəyyən çətinliklərə səbəb olurdu.

Tikinti layihəsi uyğun olaraq yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların tikintisi işləri də aparılır. Çünki mövcud suötürücü borular və boruların başlıq hissələri dağılmışdır.

Torpaq yatağının tikintisi yekunlaşan ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşa görülür. Texnoloji ardıcıllığa əsasən növbəti mərələdə yollara 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Qeyd olunan işlər ümumilikdə yolların 200 min kv.m-dən çox sahəsində aparılacaq. Asfaltlanan ərazilərdə çiyinlərin lazımi materialla bərkidilməsi işləri də görülür.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.