Rüşvət alan məktəb direktorunun istintaqı BAŞA ÇATDI
    • 14-07-2020, 09:44
    • 954

Rüşvət alan məktəb direktorunun istintaqı BAŞA ÇATDI

Bakıda rüşvət almaqda təqsirləndirilən sabiq məktəb direktoru Cavad Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

News24.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Qeyd edək ki, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Səfərovun məktəbə işə düzəlmək üçün ondan rüşvət alması barədə vətəndaş Ruxsarə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.

Araşdırma zamanı C.Səfərovun əvvəllər direktor vəzifəsini icra etdiyi 22 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı ona müraciət edən tanışı Ruxsarə Babayevadan xidməti otağında 6 000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə və həmin məbləğin 5 500 manatını almaqla xadimə vəzifəsinə təyin edib faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz olaraq şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb./APA/