DSMF-nin gəlirlərində transfertin payı son iki ildə 38%-dən 26%-ə enib
    • 27-07-2020, 13:26
    • 509

DSMF-nin gəlirlərində transfertin payı son iki ildə 38%-dən 26%-ə enib

Əsassız pensiya işlərinin ləğvi nəticəsində illik 238 mln. manata qənaət edilib.

News24.az xəbər verir ki, cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə  449 mln. manat və ya 21% artaraq 2 mlrd. 558 mln. manat təşkil edib. 

Fondun məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları keçən ilin eyni dövrünə nisbətən 434,3 mln. manat və ya 34,2% artaraq 1 mlrd. 703 mln. manat  olub. 

Daxilolmalarla bağlı yarımillik proqnoz büdcə təşkilatları üzrə 110,1%, qeyri-büdcə sektoru üzrə 117,3% icra olunub. Pensiya təyinatının şəffaflaşdırılması, əsassız pensiya işlərinin ləğvi nəticəsində illik 238 mln. manata qənaət edilib.

Son 2 ildə əhaliyə ödənişlər 1,2 milyard manat artsa da, şəffaflığın təminatı və fəaliyyətin optimallaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində Fondun gəlirlərində transfertin payı son iki ildə 38%-dən 26%-ə enib.

Bu ilin birinci yarımilində DSMF-nin fəaliyyətin optimallaşdırılması üçün aparılan islahatlar çərçivəsində fərdi uçotun və mühasibatlığın, sosial ödənişlərin mərkəzləşdirilməsi təmin edilib. 

Ötən dövrdə 85 mindən çox şəxsə məmur-vətəndaş təması olmadan, heç bir sənəd təqdim edilmədən, elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb, 324 min şəxsə isə e-arayış verilib.